Daxili İşlər Nazirliyi Bakıda müdhiş bir qarətin baş verdiyi və soyğunçunun tutulduğu barədə məlumat yayıb.
Məlumatda göstərilir ki, avqustun 10-da Bakı sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində, tapançaya oxşar əşya ilə hədələyərək, içərisində 735.450 dollar pul olan çantasını alıblar. Onu qarət edən şəxsin Qəbələ rayon sakini Elçin Abdullayev olduğu müəyyən edilib və o, dərhal tutulub.
Araşdırmalar zamanı E.Abdullayevin Sankt-Peterburq şəhərinin Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 222-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah gəzdirmə) axtarışda olması müəyyən edilib. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.