Avtomobilinin hansısa bir hissəsi xarab olan kimi onu dərhal təmir elətdirməlisən. Qaldımı, başqa hansısa hissələrin sıradan çıxmasına səbəb olacaq. Yenə əl gəzdirmədin sonradan yaranan nasazlıqlar daha başqa hissələrin sınmasına, xarab olmasına gətirib çıxaracaq. Və beləcə, maşınında ilkin nasazlıqla heç bir əlaqəsi olmayan o qədər xarab şeylər ortaya çıxacaq ki, əgər yenə maşınına yazığın gəlməsə, insafa gəlib təmir elətdirməsən ya motor tökülüb səni yolda qoyacaq, ya da təkər qopub səni qəzaya uğradacaq.
Hakim rejim bu gün Azərbaycan dövlətini bax həmin o motoru dağılmaq, təkəri qopmaq ərəfəsində olan avtomobilin gününə qoyub.
Bu, indi dağılmaq ərəfəsində olan dövlət maşınının ilkin nasazlığı pul və hakimiyyət hərisliyi, nasazlığın mənbəyi isə mərəzlik dərəcəsində pul və hakimiyyət hərisi olan bir ovuc adamın çevriliş yolu ilə hakimiyyətə yiyələnməsi idi.
Bu ilkin nasazlıq dövlət vəsaitlərinin oğurlanmasına və seçki saxtakarlığına, sonra heç bir tədbir görülməməsi səbəbindən korrupsiyaya, monopoliyaya, seçki institutlarının süqutuna və daha sonra sənaye və kənd təsərrüfatının dağılmasına, hüquq-məhkəmə sisteminin iflasına, talana, mənəvi-psixoloji mühitin eroziyasına, dövlət mexanizmlərinin tam kollapsına gətirib çıxardı.
Bu gün doğuş zamanı ölən ana və körpələrin sayının azıx mağarası dövründən çox olması, həkimin xəstənin sağ ayağının əvəzinə sol ayağını kəsməsi, iş başında neftçilərin dənizə qərq olması, məmurların özlərinin və balalarının qudurğanlığı, məktəb dərsliklərində tariximizin və ədəbiyyatımızın saxtalaşdırılması, digər minlərlə, ilk baxışdan bir-biri ilə heç bir əlaqəsi olmayan çatışmazlıqlar, problemlər həmin o ilkin nasazlığın, pul və hakimiyyət hərisliyinin doğurduğu fəsadlardır. Zamanında heç bir profilaktika işləri görülmədiyinə görə sistem dağılıb. Dövlət üçün belə profilaktik tədbirlər isə zamanı yetən anda həyata keçirilən islahatlardır.
Artıq hamımıza gün kimi aydındır ki, nə qədər bu pul və vəzifə hərisləri hakimiyyətdədir, dövlət maşını heç bir təmir görməyəcək. Bütün sistemləri dağılmış dövlət maşınını yenidən ayaq üstə qaldırıb hərəkətə gətirmək isə vaxtında tədbir görüb onu ayaqda saxlamaqdan qat-qat çətin, qat-qat ağrılı prosesdir.
Ona görə nə qədər dövlətimizin mühərriki dağılmayıb, təkəri qopmayıb profilaktik-təmir işlərini xalq olaraq öz üzərimizə götürməliyik. Yolu isə birdir – dinc aksiyalar, mitinqlər, meydanlar. #28oktyabr #mitinqegel
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.