Evlərimizi “daxma” adlandıranlar nəzakət qaydalarını pozur
Azərbaycan prezidentinin xalqdan uzaq olması məlumdur. Xalqla öz arasında məsafə saxlaması hətta bölgələrə səfərindən çəkilən fotolardan görünür. Yerlərdə vətəndaşlarla görüşəndə yaşlı-cavan hamının bir xətt boyunca qarşısında düzülməsi aşağılayıcı deyilmi?
Prezidentin xalqın yanında olmadığını evi uçurulan vətəndaşların çarəsiz durumundan da görürük. Evi uçurulanlar kimə müraciət edəcəklərini bilmirlər?! Xüsusilə, Bakının “Sovetski” ərazisində yüzlərlə ailənin öz tarixi torpağından zorla köçürülməsinə etirazına və bu məqsədlə keçirilən aksiyalara baxmayaraq, prezident əraziyə baş çəkmədi, sadə vətəndaşın yanında görünmədi…
Prezident o böhranlı günlərdə məsələ ilə bağlı hətta bir cümlə belə fikir söyləmədi. Yalnız məcburi köçün birinci mərhələsi bitəndən sonra – düz 3 il sonra İlham Əliyev “Sovetski” hadisələrinə münasibət bildirdi (Nazirlər Kabinetinin 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında). O münasibət isə sadəcə, boşaldılan ərazidə park və yeni yolların salınacağından ibarət oldu?!
“Sovetski” hadisələrindən sonra prezidentin əraziyə ilk gəlişi də yeni yolların təməlinin qoyulması ilə bağlı idi – 2016-cı ilin avqustunda… Sonra İlham Əliyev həmin yolların açılışında iştirak etmək üçün “Sovetski”yə ikinci və üçüncü dəfə səfər etdi – bu ilin may və avqust aylarında. Amma heç bir səfərində vətəndaşların mülkiyyət toxunulmazlığından danışmadı.
Əksinə, prezidentin “Sovetski” mövzsusunda ikinci açıqlaması (Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında) sakinləri borclu çıxarmağa bərabər oldu. İlham Əliyev “Sovetski”də görülən işlərdən “sakinlərin də razı olduqlarından əminliyini” bildirdi?!
Üçüncü və hələlik sonuncu açıqlaması (Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında) da ərazidə salınan yeni yollarla bağlı oldu. Bu açıqlamaların heç birində prezident nəzakət xatirinə də olsa, vətəndaşa yaşatdığı mənəvi-fiziki iztirablara (hələ maddi zərəri demirik) görə üzrxahlıq etmədi… Söhbət isə yüzlərlə ailənin yüz illik tarixi olan ərazidən zorla çıxarılmasından gedir?!
Bir sözlə, İlham Əliyevin “Sovetski” hadisələrinin qızğın çağında susub, yalnız “təhlükənin” sovuşmasından sonra danışması onun hakimiyyətinin əxlaqi mahiyyətini tam çılpaqlığı ilə bir daha ortaya qoydu. O, nəinki vətəndaşın əzəli yurdundan, tarixi torpaqlarından didərgin salınmasına etinasız yanaşır, hətta aşağılayıcı tərzdə davranır. Elə hökumətin sözügedən iclaslarında köhnə məhəllələrdəki evləri “daxma” adlandırır, köhnə Bakını “dağılmış binalar, daxmalar, dar yollar – bu idi əvvəlki Bakı” kimi dəyərləndirir… Ya bilməzlikdəndir, ya da bilərəkdən ictimai rəyə təsir edir, köhnə məhəllələrin kor-koranə sökülməsinə haqq qazandırır.
Bilməyənlər isə bilsin, köhnə məhəllələrdəki evlərin “daxma” halına düşməsində, yaşayış üçün yararsız hala çevrilməsində sovet hakimiyyəti kimi, onun mənəvi varisi YAP hakimiyyəti də maraqlı olub. Hələ sovet dövründən başlayaraq Bakının köhnə məhəllələrində, xüsusilə “Sovetski”də insanlara öz mənzil şəraitini əsaslı şəkildə yaxşılaşdırmağa, yenidən qurmağa icazə verilməyib. Bəhanə, əlbəttə, ərazinin “plana düşməsi” – köçürüləcəyi olub. Və on illərlə məqsədli şəkildə miskin görkəmə gətirilən evlər, bu gün “daxma” kimi sahiblərindən dəyər-dəyməzinə alınaraq yox edilir.
Prezident də öz ampluasındadır: tikinti sektorunun canlandığını, Bakının digər ərazilərindəki “daxma”ların da söküləcəyinin anonsunu verir… Bunu isə Nazirlər Kabinetinin bu günlərdə keçirilən iclasında deyib İlham Əliyev.
Şövkət Məmməd
14.10.2017