Ukrayna müxalifəti prezidentin impiçment elan olunması tələbini qaldırıb
Ukraynada parlament seçkilərinə bir neç ay qalmış prezident Viktor Yanukoviç gözlənilməz həmlə ilə qarşılaşıb. Son zamanlar insan haqlarını pozduğuna və müxalifətə qarşı repressiyalarına görə sərt tənqid olunan Ukrayna prezidenti hakimiyyətdən uzaqlaşdırıla bilər. Ölkənin vahid müxalifəti Viktor Yanukoviçi impiçmentə yollamaq qərarına gəlib. Bu barədə seçkiqabağı çıxışında Birləşmiş Müxalif Şuranın sədri Arseniy Yatsenyuk çıxış edib. Müxalif lider Ukrayna prezidentini səlahiyyətlərini aşmaqda günahlandırıb.
Onun sözlərinə görə, Yanukoviç hakimiyyəti dövründə qanunsuz olaraq təqaüd islahatlarına, vergi məcəlləsində və “dil haqqında” qanunvericiliyə imza atıb, qanunsuz yolla Nazirlər Kabinetini təşkil edib və siyasi islahatların ləğvi zamanı Konstitusiya Məhkəməsinə təzyiqlər göstərib. Arseniy Yatsenyuk artıq prezidentin cinayətlərinin təsdiqi haqqında 309 min sakinin imzasını topladığını və bu barədə Ali Administrasiya Məhkəməsinə şikayət ərizəsi təqdim etdiyini bildirib.
Müxalifət lideri əlavə edib ki, parlamentdə prezidentin impiçmentilə bağlı komissiyanın təyin edilməsi üçün Ali Radada 226 səsə ehtiyac var. Xatırladaq ki, hazırda qüvvədə olan Ukrayna qanunvericiliyinə görə impiçmentin praktiki olaraq reallaşması üçün dəqiq mexanizmlər mövcud deyil. Bu baxımdan, siyasi şərhçilər müxalifətin bu təşəbbüsünü seçkiqabağı siyasi texnologiya kimi dəyərləndirib.