Keşlədə yerləşən, Zülfqarlı qardaşlarına məxsus “Birlik” MMC ətrafında gərginlik səngimək bilmir. “Baku Steel Company”nin adından qardaşlara zəng edib hədələyirlər. Bu barədə “Azadlıq”a məlumatı zavodun direktoru Rövşən Zülfüqarlı verib. Onun sözlərinə görə, hər gün təzyiq və təhdid dolu zənglər, mesajlar alırlar: “Deyirlər ki, sizin başınıza oyun açacağıq. Bir-iki günə bizim gücümüzü görəcəksiniz. Zəng edənlər gizli nömrələrlə bizi hədələyirlər”.
R.Zülfüqarlı bu gün təzyiqlər və təhdidlərlə bağlı Nizami rayon polis idarəsində olub: “Bizə olan zənglərlə bağlı izahat verdim. Baş verən hadisələri bir daha onların diqqətinə çatdırdım”.
Artıq 7 gündür ki, “Birlik” MMC-lə bağlı “Baku Steel Company”nin muzdlu qoçuları sözügedən ünvana gələrək zavod ələ keçirmək istəyirlər. Ancaq zavodun fəhlələri bu özbaşınalığa imkan verməyiblər. Bu hücumlarla bağlı dəfələrlə polisə müraciət olunsa da heç bir nəticə hasil olmayıb. Sonuncu – dördüncü basqın zamanı polislər ərazidə görünməyə başlayıblar. Hazırda ərazidə polis olmasa da, ara-bir zavod tərəfə boylanırlar.
“Baku Steel Company” indiyə qədər 20-yə yaxın kiçik və orta müəssisələri bağlatmağa nail olub. Zavodun qoçu dəstələri müəssisələrə daxil olaraq işi dayandırıblar. Bununla razılaşmayan müəssisə rəhbərləri hədələnir. Onlardan biri də “Okeanus” MMC-nin sahibi Dilbər Rzayevadır. Ona bir neçə gün öncə də təhdid dolu zənglər gəlmişdi. Zəng edənlər gizli nömrə ilə sahibkarı arayaraq əvvəl həyat yoldaşı ilə sonra isə övladlarıyla onu hədələyiblər. Dilbər Rzayeva deyir ki, bu gün də ona hədə dolu zəng ediblər: “Gizli nömrədən zəng edib hədələyirlər. Deyirlər ki, bu yoldan çəkilməsən pis olacaq. Ancaq mən öz haqqımı tələb edirəm”. Sahibkar bununla bağlı aidiyyəti qurumlara məlumat verəcəyini deyir.
İstər zavodlara göndərilən qoçu dəstələrin başında, istərsə də təhdid dolu zənglər araxasında “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun adının hallandığı deyilir. R.Məmmədov isə deyilənlərin cəfəng, bu işlə məşğul olmadığını söyləyib.
Ramin DEKO