Suriyanın Hələb şəhərində yaponiyalı qadın jurnalist öldürülüb. Yaponiyanın Xarici İşlər Nazirliyi bildirib ki, 45 yaşlı Mika Yamamoto Hələb şəhəri «od-alova bürünəndə» ordan xəbər verirdi.
Suriyada İnsan Hüquqları Müşahidəçiləri qurumundan bildiriblər ki, bu həftələrdə daha 3 xarici jurnalist itkin düşüb. Məlumata görə, onlardan ikisi ərəbdir, biri türk müxbirdir.
ABŞ prezidenti Barak Obama isə deyib ki, Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi Birləşmiş Ştatların münaqişəyə təsir perspektivini dəyişə bilər. Avqustun 20-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Barak Obama deyib ki, o, hazırkı məqamda Suriyaya hərbi müdaxiləyə göstəriş verməyib. Amma Əsədə xəbərdarlıq edib ki, kimyəvi silahdan istifadə ABŞ-ın bu münaqişəyə müdaxilə ilə bağlı fikirlərini dəyişə bilər. «Kimyəvi vasitələrdən və silahdan istifadə edildiyini görsək, bunun böyük nəticəsi olacaq», – Barack Obama deyib.
Suriya ötən ay etiraf edib ki, onun kimyəvi və bioloji silahı var və rejim ondan «xarici təcavüz» zamanı istifadə edə bilər (“Azadlıq” radiosu).