“Hürriyet”in yazarı Mikayıl Cabbarovla yanaşı Barselonaya uçan şəxslərin siyahısını açıqlayacağını bildirdi
Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çəkirgə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovla bağlı yaranmış qalmaqala yenidən qayıdıb. O, “Uçaktakı o yolçu” başlıqlı köşə yazısında baş vermiş qalmaqalı yenidən təsvir edib:“Barselonaya gedən təyyarədə olanları yazdım. Azərbaycanlı bir “mühüm kişi” təyyarə bələdçilərini təhdid edirdi. Arxadakı bir sərnişini zorla “biznes klas”a keçirmək istəyirdi. Bələdçilər gərgin mübarizə apardılar, amma heç nəzakətlərini itirmədilər. Mən bununla bağlı yazı yazdım, amma həmin şəxsin adını vermədim. Düşündüm ki, özü üzr istəyər”.
Yazar həmin şəxsi sərnişin siyahısında oturduğu yerin nömrəsinə görə müəyyənləşdirib və nəticədə onun Mikayıl Cabbarov olduğunu öyrədiyini bildirib. Çekirgə Mikayıl Cabbarovun baş verənləri təkzib etməsinə də toxunub. Köşə yazarı bildirib ki, bütün hadisə onun gözünün qaşısında olub:“Mikayıl Cabbarovun həmin “hirsli dialoq”un iştirakçısı olduğunu bilirəm. Hadisə təyyarə endikdən sonra hesabat hazırlanıb və mənim nəyisə eşitməyimə də ehtiyac yoxdur. Çünki rəsmi hesabat var”.
Daha sonra Mikayıl Cabbarov haqqında danışan köşə yazarı həmin təyyarədə olan bütün sərnişinlərin siyahısının və oturduqları yerlərin nömrələrinin əlində olduğunu qeyd edib:“Oradakıların çoxu azərbaycanlıdır. Amma mən onların siyahısını yayımlamaqla haqsızlıq nümayiş etmək istəmirəm. Həmin “mühüm şəxs” özü hər şeyi etiraf etsin”. “Hürriyet”in yazarı Azərbaycandakı həmkarlarının hadisəylə bağlı araşdırmalar başlatıdığını da yazıb. O, əlindəki siyahını açıqlayacağını da bildirib:“Bir az gözləyib əlimdəki siyahını onlarla bölüşəcəm. Mən tanımasam da, həmkarlarım tanıyar və həmin şəxs də ortaya çıxar. Təbii ki, burada ən önəmlisi “Sən mənim kim olduğumu bilirsən?” iddiadısnın ortaya çıxmasıdır”.