Bizi rayona aparan sürücü tələsir. Və dayanmadan danışır, af-uf eləyir. Yeni çəkilmiş qoşayolda isə sürət 90-dan yuxarı olmamalıdı. Biləsuvar Sərhəd-Gömrük məntəqəsində dörd müştərisi olacaq. Naxçıvandan gəlirlər. Vaxtında çatmalıdı. Dörd müştəri (sərnişin) filan qədər para deməkdi və belə rahatlıqla bu, hər kəsə müyəssər olmur. “Kliyentin varsa, yaşadın demək!” – sürücümüz deyir. Orda gömrükdən keçənlərin hansı taksiyə əyləşdirilməsi də artıq monopoliyaya alınıb. Monopolistlər taksi sürücülərinə verdiyi hər müştəri qarşılığında para alırlar. Bir növ, adamları satırlar. Deyirlər, Ziya Məmmədov bu sahəyə də əl qoyacaq. Müştəri başına alınan para da aşağı olacaq. Iş o yerə çatıb ki, sürücümüz Ziyanın bu işə əl basacağına sevinir: “Bilərik ki, tanışlıq-filan olmayacaq, iki manatımızı verib növbəylə adamımızı alacağıq”.
Gecikəcəyini, müştərinin əldən çıxacağını deyib asi-kifir olur. “Mən indi bu sürətlə onların dediyi vaxt ora necə yetişim?”.
Sürücümüz sürəti aşmamağa çalışdıqca alışır. Köhnə evlərin damında, mülki maşınlarda, at-eşşək belində, leylək yuvalarında gizlədilən qeydiyyatsız, ancaq rüşvət əldə eləmək üçün qullanılan radarlardan danışır. Deyir, onların ucbatından “bal”ı artıq doqquza çatıb, bir də radara düşsə, sürücülük vəsiqəsi düz bir il əlindən gedir, sonra almaq üçün də filan qədər xərci çıxacaq.
Kürsəngi tərəflərdə “baxın, indi sizə gizlədilmiş bir radarı göstərəcəyəm,- deyir,- lap az qalıb”. Bu vaxt telefonuna zəng gəlir. Danışığından hiss eləyirəm ki, Naxçıvandan gələn müştərisi ilə danışır. Salyanda olduğumuz halda artıq Biləsuvarda onun zəngini gözlədiyini deyir. Bəlli olur ki, müştəri itirmək onunçün hər şeyini itirmək kimi bir şeydi. Nə isə, danışığı, dəqiqləşdirmələri bir az uzun çəkir və qəfildən maşının əyləcini basır, az qalır başımız ön şüşəyə dəyib dağıla. Eyni anda sürücü qardaşın sifətində dəhşətli əzab və sarsıntı ifadəsi sezilir. Telefonda qılıqlı danışığına xətər toxundurmamağa çalışaraq söhbəti bitirir və “Bu da mənim xeyirim,- deyir,- iyirmi manat qazanacaqdım, əvəzində vəsiqəmdən oldum!”.
Məlum olur ki, sürücümüzün başı danışığa qarışdığından gizli radarı unudub və 90 sürətlə getməli olduğu halda 110-la keçib tələdən. Allaha yalvarır ki, qarşıdakı postda onu saxlasınlar, yalvar-yaxar da olsa, rüşvət verib canını qurtarsın.
Artıq yol boyu sürücümüz əlini maşının sükanına, başına çırpır. Bağrı çatlamağa qalır.
Posta yetişirik. Maşınımızı saxlayırlar. Danışıqlar başlayır. “Radara düşübsən və bunu silmək olmaz”,- deyirlər. Çünki artıq “respublikanski”də qeydiyyata düşüb. Hətta öz inspektorlarından biri düşübmüş radara, silmək olmayıb. Sürücümüz “bal”ının dolmasından danışır, rəisi yola gətirməyə çalışır. Hörmətə 40 manatla razılaşa bilərmiş… Aramızda olan tanınmış yoldaşlardan biri rəisi qılığlayır. 20 manat – Allah xeyir versin!
Artıq sürücümüz vəsiqəsindən məhrum olmaqdan qurtulub. Ancaq belə məlum olur ki, bugünkü yolçuluğun xeyrini öz cibindən yeyəcək. Yenə aflar-oflar… Məni isə o düşündürür ki, bəs “respublikanski”də qeydə alınan qanun pozuntusu 20 manata necə silinəcək?”…
“Tələsən radara düşər”. Bu, DIN atalar sözüdü. Əminəm ki, bu metaforanı tapan, haçansa şeir yazmış biridi. Bu tapıntısına görə nə qədər fərəhlənib. Özü də bilmədən həqiqəti təsvir eləyib. Əsil deyim “tələsən təndirə düşər”di. Deməli, təndirin mənası burda radara köçürülüb. Sürücü təndirə düşür, polis amca onu təndirə yapıb çörək bişirir, öz balalarına yedirtmək üçün evinə aparır. Ama, əfəndilər, o çörək deyil ki, sürücünün balalarının ətidi.
Nuş olsun!