Əli Kərimli Şahin Həsənlinin anasına baş çəkdi
AXCP sədri Əli Kərimli vicdan məhbusu Şahin Həsənlinin anasına baş çəkib. Əli Kərimli ilə yanaşı partiya sədrinin müavini Gözəl Bayramlı, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev və partiya fəalları da vican məhbusunun anasını ziyarət edərək Şahin Həsənlinin ailəsinə dəstəklərini nümayiş etdiriblər.
Əli Kərimli vicdan məhbusunun anasına Şahin Həsənli kimi övlad böyütdüyü üçün təşəkkürünü bildirib. Partiya sədri qeyd edib ki, Şahin Həsənli günahsız yerə həbs olunub və onun barəsində səsləndirilən ittihamlar əsassızdır:“Sizə təşəkkür edirəm ki, belə övlad böyütmüsünüz. Siz onu bütün ölkəmiz, hamımız üçün yetişdirmisiniz. Onun heç bir günahı yoxdur. Şahin haqqını tələb etdiyi üçün, haqqı tapdanan insanlarımız uğrunda mübarizə apardığına görə həbs olunub. Göstərdiyiniz dəyanətə və səbrə görə də sizə təşəkkür edirəm”.
AXCP sədri bildirib ki, Şahin Həsənlinin həbsi nəinki, onun dostlarının və yerli ictimaiyyətin, ümumiyyətlə dünyanın aparıcı beynəlxalq təşkilatlarının da diqqətindədir. Bütün hüquq müdafiə təşkilatları Şahin Həsənli və digər vicdan məhbuslarının dərhal azadlığa buraxılması üçün ciddi səy göstərir. Əli Kərimli Şahin Həsənlinin tezliklə azadlığa çıxacağına inandığını söyləyib.
Vicdan məhbusunun anası övladının haqsız yerə həbs olunduğuna əmin olduğu üçün dəyanət göstərdiklərini deyib. O, partiya rəhbərliyinə götərdikləri diqqətə görə təşəkkürünü bildirib.