Azərbaycanda da Pen-Klub varmış. “Varmış” deyirəm, çünki dünən internet saytlarında “Çingiz Abdullayev Pen-Klubun prezidenti seçildi” başlıqlı xəbərə rastlamasaydım, şəxsən mən, Allah bilir, hələ nə qədər bundan xəbərsiz olacaqdım. Yəqin elə siz də…
Hardan xəbərimiz olacaqdı ki? Bir ölkədə ki, həbsdəki jurnalistlərin ailələrinə el basa-basa Amerika Pen-Klubunun üzvləri gəlib baş çəksin…
Bir ölkədə ki, Eynulla Fətullayevin azadlığa çıxması üçün Böyük Britaniya Pen-Klubunun üzvləri imza toplasınlar… Bir ölkədə ki, QHT və KIV barədə qanunvericiliyə Əliyevçi irticanın mürtəce dəyişikliklərinə Beynəlxalq Pen Klub etiraz bəyanatı yaysın, sən Azərbaycanın da öz Pen-Klubunun olduğunu hardan biləcəksən? Ovcunun içini iyləməmisən ki?
Bu Azərbaycan Pen-Klubu nə vaxt söz azadlığının müdafiəsinə qalxdı, bizim ondan xəbərimiz olmadı? Bu Azərbaycan Pen-Klubu nə vaxt fərqli düşündüyü, danışdığı və yazdığı üçün həbsə atılan, şərlənən, ölkədən qovulan insanların yanında durdu, bizim ondan xəbərimiz olmadı? Bu Azərbaycan Pen-Klubu nə vaxt “Məni sevməyən mənim düşmənimdir” zehniyyətinə sırtını döndü, bizim ondan xəbərimiz olmadı? Kiminsə dədəsinə borcumuzmu var ki, həmişə susan, həmişə başıaşağı, üzüyola olan bir Pen-Klubu əzbər tanıyaq?
***
Bəli, bu ölkə bütün yaxşı ideyaların, xoş təşəbbüslərin bir göz qırpımında məhv edildiyi, bəşəriyyətin min cür məhrumiyyətlərlə qazandığı nailiyyətlərin üzərindən bir andaca “uf” demədən xətt çəkildiyi bir ölkədir. “Pen Klub”ları dünyanın düşünən, ağıllı, cəsarətli insanları bir fikir mərkəzi kimi yaradıblar, o isə bizdə fağır, mağmın, başqalarının düşüncəsinə və iradəsinə tabe insanların feodal yığıncağına çevrilib.
Məsələ yalnız Pen-Klubda da deyil. Tutaq ki seçkilər… Tərəqqipərvər insanlıq seçki mədəniyyətinin yaranması üçün nə qədər uzun yol qət edib, necə dəhşətli təlatümlərdən, inqilablardan, qan-qadadan keçib. Azərbaycanda isə o artıq bir təyinat vasitəsidir. Demokratiyanı imitasiya alətidir.
Ya da insanın təkamül prosesi… Meymunun insana çevrilməsi… Yenə minillik yol. Yenə nə qədər iztirab, məşəqqət. Söhbət təkcə bioloji çevrilmədən də getmir. Həm də insanın özünü insan kimi hiss etməsi üçün nəhəng dəyərlər sisteminin yaradılmasından gedir – hüquq, azadlıqlar, elm, ədəbiyyat…
Və o boyda təkamül prosesi gəlib Azərbaycanda divara dirənib. Təkcə divara dirənməklə də qalmayıb, ən dəhşətlisi odur ki, Azərbaycanda indi antitəkamül prosesi yaşanmaqdadır. Adamlar sürətlə insandan meymuna çevrilməkdədir. Biz belələri ilə hər addımda qarşılaşırıq. Onlar üçün heç bir bəşəri dəyər yoxdur, onlar yalnız qarınlarından ibarətdir. Onlar öz şəxsi mənfəətləri naminə bütün ictimai maraqları sata bilirlər. Onlar üçün bir ağacdan başqa ağaca tullanmaq adi məsələdir, normadır, həyat tərzidir, onlar üçün demokratiyanın ağuşundan diktaturanın qucağına atılmaq qədər asan və ağrısız heç nə yoxdur.
***
Avtoritarizmə çox məna verilə bilər. Mənim üçünsə indi onun ancaq bir mənası var: insanın meymuna çevrilməsi…
Bir dənə də banan ağacı əkmədiyimiz halda adımızın “banan ölkələri”nin başında gəlməsinin əsl izahı da bu olsun gərək.
Dərs olsun deyə…
Keçənlərdə Istanbulda “Qalatasaray”ın möhtəşəm bir stadionu açıldı. Açılış mərasiminə tıpkı bizdəki kimi, Ərdoğan şəxsən gəldi və…
Və stadionu doldurmuş minlərcə insan Ərdoğanı fitə basdı.
Səbəbini hər kəs bildiyi kimi izah edə bilər. Amma gerçək səbəb bu idi, məncə: açılışa hələ həftələr varkən yerindən duran stadionun ərsəyə gəlməsi üçün Ərdoğana yağlı-buğlu təriflər deyir, ürək bulandıran şükranlarını çatdırırdılar. Sanki o stadionu Ərdoğan cibinin pulu ilə tikdirmişdi. Sanki xoruz olmasa, səhər açılmır. Sanki Ispaniyanın Ərdoğanı yoxdu deyə, orada futbol samanlıqda oynanılır.
Bu iyrənc məddahlıqdan (gərçi məddahlığın iyrənci, gözəli olmaz!) insanlar bezdilər, yoruldular və baş naziri açılışa gəlməsinə peşman etdilər.
Bilirsiniz ki, biriləri də bizdə idmanı siyasətə alət etməyə çox meyllidirlər, bəlkə onlara da dərs olar deyə yazdım.