Qarabağa qayıdış planı içi boş ifadələrdən ibarətdir

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayidişa dair I Dövlət Proqramı”nı qəbul edib. Proqramın Tədbirlər Planına qədər 9 bölməlik hissəsi gəlişigözəl söz və ifadələr yığınıdır, bölmə başlıqlarında qoyulan məsələlər mətndə əsaslandırılmır. Bu proqramda da digərlərində olduğu kimi “qabaqcıl standartlar”, “ekoloji təmiz və iqtisadi sərfəli bərpa olunan enerji mənbələrindən istifadə”, “əlverişli biznes mühitinin yaradılması”, “innovativ texnologiyaların tətbiqi” kimi səslənişi təmtəraqlı, içi boş ifadələrdən gen-bol istifadə olunub.
Tədbilər Planına görə, Qarabağa 2022-2025-ci illərdə (yəni 4 ildə) 10 270 ailə, yalnız bir ildə – 2026-cı ildə isə 24 230 ailə köçürüləcək. Nəzərə alsaq ki, bugünədək Qarabağa (Zəngilanın Ağalı kəndinə) cəmi 66 ailə (325 nəfər) köçürülüb və gələn ilin martına kimi daha 100 nəfərin köçürülməsi planlaşdırılır, o halda Proqramda qoyulan o kiçik hədəf ( 5 ildə 34 500 ailə), əslində çox əlçatmaz və qeyri-real görünür.
Proqramla bağlı ilkin qeydlərimi daha da konkretləşdirib, ictimai müzakirəyə təqdim edirəm.

  1. Dövlət Proqramının hazırlanması prosesində qanunvericiliyin tələbləri pozulub, Proqram layihəsinin ictmai müzakirəsi keçirilməyib.
  2. Proqramın 7-ci bölməsinin 1-ci hissəsində (Minalardan təmizləmə müddəti) qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərin bərpası zamanı ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılan müddətdən çox davam etməsi Dövlət Proqramının əsas prioritetlərinin həyata keçirilməsi ilə bağlı çətinliklər yarada bilər.
    Burada “proqnozlaşdırılan müddət” dedikdə, nə nəzərdə tutulduğu açıqlanmır. Ümumiyyətlə, belə bir proqnoz varmı, yoxsa bir neçə ay öncə Prezidentin səsləndirdiyi 30 il kimi şişirdilmiş müddətdən söhbət gedir, bilinmir. Xülasə, ictimaiyyətə və müstəqil ekspertlərə belə bir proqnozlaşdırmanın mövcudluğu məlum deyil.
  3. Proqramda (6.2.1.Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili) minatəmizləmənin “Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına” uyğun aparıldığı yazılır. Yaxşı olardı ki, bu fəaliyyət planı ictimaiyyət üçün açıq olsun.Ancaq təəssüf ki, Nazirlər Kabinetinin ötən ilin dekabrın 25-dək təsdiq etdiyi bu Plan açıqlanmır. Çünki açıqlansa, hamıya məlum olar ki, ilk növbədə yaşayış məntəqələri yox, məmurların əkdikləri torpaqlar, onlara gedən yollar, çəkilən suvarma kanalları üçün lazım olan sahələr minalardan təmizlənir.
  4. Proqramın maliyyələşmə mənbələri (8. Dövlət Proqramının maliyyələşmə mənbələri) arasında Azərbaycan Biznesinin İnkişafı Fondu da göstərilir, ancaq belə bir fond fəaliyyət göstərmir. Onun yaradılması nəzərdə tutulsa da ötən 1 ildən çox müddətdə Fondu yaratmağı unudublar.
  5. Proqramda yazılır: “Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı çərçivəsində yaşayış məntəqələrinin çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və bu icmaların ölkənin iqtisadi strukturuna inteqrasiyası nəzərdə tutulur.” (6.2.3. Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması). Buradan və Dövlət Proqramının Tədbirlər Planından belə başa düşülür ki, 2026-cı ilədək Qarabağa köçürülənlərə pay torpaqları ayrılmayacaq, torpaq islahatı (Qarabağ torpaqlarının dövlət, bələdiyyə və özəl torpaqlarına bölgüsü) keçirilməyəcək, bələdiyyələr fəaliyyət göstərməyəcək, məcburi köçkünlük dövründə olduğu kimi Qarabağ əhalisinə icma kimi yanaşılacaq, məcburi köçkünlər yalnız məmurların torpaqlarında və şirkətlərində işləmək üçün işçi qüvvəsi tələbinə uyğun və lazım olan həddə hissə-hissə Qarabağa köçürüləcək.
  6. Proqramda Qarabağ bölgəsinin turizm potensialından ağızdolusu danışılır, Tədnilər Planında Turizm əhəmiyyətli rayonlar üzrə turizm inkişaf konsepsiyalarının hazırlanması fəaliyyəti nəzərdə tutulur.
    2026-cı il də daxil olmaqla, 34 500 ailənin köçürülməsinin hədəf kimi qoyulduğu (hələ bilmək olmaz, bu hədəfə necə nail olunacaq) qapalı Qarabağ bölgəsində turizmin inkişafından danışmaq, yumşaq şəkildə desək, gülüş doğurur.