Putin İlham Əliyevi satdı

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı

İlham Əliyev “Putin heç vaxt məni satmaz” deyirdi, çünki hesab edirdi ki, Lukaşenkonun da təsdiq etdiyi kimi mütləq olaraq onların adamıdır.
Amma niyə axı Putin məni satmaz. Təsəvvür edirsinizmi Makron desin ki, Şolts məni satmaz. Boris Conson, məsələn, hesab edə bilər və yəqin ki, edir də ki, Rişi Sunak onu satdı, çünki bir hökumət komandası idilər, Rişi Borisə xəyanət edib keçdi onun yerinə.
Bizim halda isə bir dövlətin başçısı başqa bir dövlətin başçısını satıb neyləyəcək, satmayıb neyləyəcək. Bu sadəcə kiçiklik kompleksi deyil. Bu çapdığına, taladığına, adam yerinə qoymadığına görə öz xalqının dəstəyindən məhrum olmuş birinin başqalarının mərhəmətinə sığınmasıdır.
Putin isə İlham Əliyevi satdı. “Əliyev Kəlbəcər və Laçını ermənilərə verirdi” deyəndə satdı. Hələ Lukaşenko qardaşı da 5 milyard rüşvət və Ermənistana qoyulacaq investisiyalardan danışırdı. Putin “Vaşinqton planında Dağlıq Qarabağa status yoxdur” deyəndə, Soçi görüşündən qabaq Xankəndidə çoxminlik mitinq təşkil edəndə satdı Əliyevi. İndi Gümrüdəki bazasından Dağlıq Qarabağı silahlandırmaqla satır onu. Və bu silahlandırma elə-belə Gümrüdən Xankəndinə silah daşımaq deyil ki. Putin ilham Əliyevə ən böyük xəyanətini etmək üçün daşıyır o silahı ora. Bu sadəcə Putin mənim hakimiyyətimi qoruyacaq, ya qorumayacaq məsələsi deyil ki.
Hələ yaxşı ki, qəhrəman Ukrayna xalqı Putinin dişlərini qırıb, daha o əvvəlki ötkəm Putin deyil. Tokayev indi bütün fəaliyyəti ilə Rusiyadan uzaqlaşır, Caparov Putini adam sayıb görüşünə gəlmir, Rahmonov onu sifətinə söyür. Bəs İlham Əliyev necə, çatacaqmı onun iradəsi indi Putinin Dağlıq Qarabağda hazırladığı ən böyük xəyanətinə dirəniş göstərməyə? – İnanmıram.
Əliyevin öz xalqına saymazlığının, nifrətinin doğurduğu başqalarından imdad kompleksləri bu gün Azərbaycan üçün real və ciddi təhlükədir. Bu gün dünyada və regionumuzda yaranmış ağır təhlükələrdən ölkəmizi oğruların, yaltaqların, satqınların, trolların dəstəyinə söykənən deyil, xalqın dayaq duracağı hakimiyyət keçirə bilər.