Bakıda yürüşlər olub
Noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə orkestrlərin müşayiəti ilə hərbi yürüşlər keçirilib.
Bir çox paytaxt sakinləri də yürüşləri yaxından izləyiblər.
***
Bu gün, noyabrın 8-i Azərbaycanda təntənəli şəkildə İkinci Qarabağ müharibəsi ilə bağlı Zəfər Günü qeyd edilir.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yenidən ağır döyüşlər başlayıb.
Döyüşlərdə Azərbaycan qoşunları Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və başqa bir sıra əraziləri işğaldan azad edib
Noyabrın 8-də də Dağlıq Qarabağda Şuşa şəhərini Azərbaycan ordusu geri alıb. Bundan iki gün sonra, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs və daha bir sıra məsələlərlə bağlı razılaşma əldə edilib. Üç tərəfin imzaladığı (Azərbaycan, Ermənistan və Rusiya) həmin razılaşmaya əsasən də, Ağdam, Kəlbəcər və Laçın rayonunun bir hissəsinə Azərbaycan nəzarəti bərpa edib.
Habelə Laçın dəhlizində (Laçın şəhərindən keçməklə 10 kilometr enində) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Lakin bu il Azərbaycan tərəfində Laçın dəhlizinə eyni adlı şəhərdən yan keçən alternativ yol çəkilib. Bununla da Laçın şəhəri də Azərbaycanın nəzarətinə keçib. Yeni dəhlizin isə bir qəsəbə və daha bir neçə kəndin ərazisindən keçdiyi deyilir.
Azadlıq radiosu