Bunlar yerin altındakı tarixi də saxtalaşdırırlar

Milli Şuranın sədri, professor Cəmil Həsənli

6 noyabr Bakıda metronun açıldığı gündür. 1967-ci ilin noyabr ayının 6-da Bakı şəhərində yeni bir nəqliyyat vasitəsi işə düşdü və aşağı-yuxarı bu şəhərdə yaşayan hər kəsin həyatına daxil oldu. Bu gün bu böyük hadisənin 55 yaşı tamam olur.

Dünən bununla bağlı “Azərbaycan” qəzeti “Bakı Metropoliteni-55: Yeraltı şəhərin tarixinə qısa səyahət” adlı bir yazı diqqətimi cəlb etdi. Amma nədənsə yazıda həmin yeraltı şəhərin inşasına başlayanların və onun ilk səyahətçilərin adı çəkilmir. Yalnız bircə abzas metronun 1967-ci ilin noyabr ayının 6-da açıldığı, 5 stansiyadan, 6,3 km uzunluqdan ibarət olduğu qeyd edilir. Yazını qalanı Heydər Əliyevin metro siyasətinə və Bakı metrosunun onun adı ilə bağlanmasına həsr edilib. Bu qədər. Bunlar yalnız yerin üstündəki tarixi deyil, onun altındakı tarixi də saxtalaşdırırlar.

Amma Bakı metrosunun tikintisinin maraqlı tarixi var. Bakıda metro tikintisi hələ 1932-ci ildə şəhərin baş planı hazırlananda nəzərə alınmışdı. 1947-ci ildə layihələşdirmə işləri haqqında qərar qəbul edildi. 1949-cu ildə tikinti işləri başlaandı. Tikinti planına görə metro xəttinin uzunluğu 12,1 km olmalı idi. Lakin müxtəlif səbəblərdən 1953-cü ildə bu işləri dayandırdılar.

Şəhərdə əhali sürətlə artdığına görə yeni rəhbərliyə gəlmiş Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov və Nazirlər Sovetinin sədri Məmməd İsgəndərov 960-cı ildə metro inşaatını yenidən bərpa etə bildilər. Məmməd İsgəndərov bununla bağlı SSRİ Nazirlər Sovetinə geniş arayış hazırladı. Azərbaycan rəhbərliyi metro tikintisinin bərpa edilməsinə Moskvadan vəsait ayrılmasına nail oldular. SSRİ-nin digər şəhərlərindən fərqli olaraq yeraltı süxurların relyefi və tərkibi ilə bağlı Bakıda metro tikintisi çox çətin idi. İnşaatçılar 7 il gecə-gündüz çalışandan sonra uzunluğu 6,3 km olan 5 stansiyanı (Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov) istifadəyə verə bildilər. Bundan əlavə 3 km-lik sahədə də yeraltı yolun çəkilişi üçün qara işlər görülmüşdü. Stansiyaların beşi də çox dəbdəbəli tikilmişdi və muzeyi xatırladırdı.

Noyabrın 6-da Bakıda ilk metronun təntənəli açılış mərasimi oldu. “Bakı Soveti” stansiyasının qarşısında keçirilən mitinqə respublikanın rəhbərləri kimi Vəli Axundov, Məmməd İsgəndərov və Nazirlər Sovetinin sədri Ənvər Əlixanov və digərləri iştirak etdidilər. Mitinq başa çatandan sonra səhər saat 10:15 dəqiqədə maşinist Salman Ələkbərov və köməkçisi Arif Mirzəyevin idarə etdiyi ilk qatar yola düşdü. İlk sərnişinlər isə respublika rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri idi. Bu mərasimdən o zaman çəkilmiş çox nadir fotolar var. “Azərbaycan” qəzeti onların heç birini vermədi. Mən həmin tarixi fotoları bəzilərini Sizlərə təqdim edirəm.

Amma bu metro çəkilişinə görə Vəli Axundovun başı bir az ağrıdı. 1968-ci ilin oktyabr plenumunda Baş katib Leonid Brejnev Azərbaycan partiya təşkilatını kənd təsərrüfatı üçün ayrılmış vəsaitləri qanunsuz olaraq Bakı şəhərində metro tikintisinə istifadə etdiyini kəskin tənqid etdi. Bu böyük hadisənin əsl tarixçəsi bax belə idi.