Hüquq müdafiəçisi Anar Məmmədli
31 il öncə böyük iftixar və qürurla müstəqilliyimizi bərpa etmişdik, nəsibimiz postmodern sülalə dövlətinin yaranması oldu.
31 il öncəki kimi torpaqlarımızda 3 fərqli bayraq dalğalanır.
31 il öncə ölkəmizə pənah gətirən didərginlərin sayı minlərlə idi, indi ölkədən didərgin düşən azərbaycanlı milyonlarladır.
Kiçik milli büdcəmiz və iqtisadi qıtlığımız vardı. Amma azadlığımıza istəkli və ümidli idik.
İndi böyük milli büdcəmiz və bolluğumuz var. Amma nə rifahımız, nə də gələcəyə ümidimiz var.
31 il sonra biz kimik?
Zəngin ölkənin əxlaqsız quldurları tərəfindən hüquqsuz duruma düşürülmüş füqara azərbaycanlılar.
31 ildə dəyişməyən tək bir siyasi cəhətimiz var – populizm!
Turançı populizmə qarşı dini populizm.
Hər ikisinə qarşı dövlətçi populizm.
Millətçi populizmlə qucaqlaşan siyasi opportunizm.
Və bunlardan geri qalmayan romantik sol populizmi.
Passsifist populizmlə feminist populizm də digər marginal qrupların sırasına iddialıdır.
Beləliklə, 31 il sonra ilkin siyasi məzmunundan uzaqlaşan milli müstəqilliyi bayram edirik. Utanaraq və ya həyasızca – fərq etməz.
Biz dövlət atributlarına malik, amma müstəqil dövləti olmayan toplumun təmsilçiləriyik.
Ölkədəki intelektual boşluqdan çıxa bilsək, çoxlu alimlərimiz, normal siyasi duruşumuz, müasir ədəbiyyatımız, vətəndaş cəmiyyəti və çağdaş dövlətimiz də olacaq.
Hələlik isə biz 21-ci əsrin küçələrində sürünən orta əsr çağının sakinləriyik.
Və istiqlal qurbanları bizi bağışlasın – biz istiqlaliyyəti ədalətli məhkəmə, seçkili hakimiyyət, azad və adil cəmiyyət kimi təbliğ və təqdim edə bilmədik…
Ölümə gülərək və ümidlə gedən azadlıq aşiqlərinin əziz xatirəsi təskinliyimiz və iftixarımızın tək ünvanıdır.
Bir gün bu ölkədə gerçək vətəndaş olmaq hər bir azərbaycanlının nəsibi olsun!