Krım körpüsünün vurulması ilə müharibədə yeni mərhələ başlayır

AXCP sədri Əli Kərimli

Krım körpüsünün vurulması, həm də Putinin yubileyi günündə vurulması Rusiya Ukrayna müharibəsində yeni mərhələ başladır.

  1. Krım körpüsü təkcə körpü deyildi. Rusiyanın öz aləmində Moskva, Kreml kimi qoruduğu qürur mənbəyi idi. Rusiyanın qürur mənbəyini hədəf almaqla Ukrayna nümayiş etdirdi ki, 7 aylıq savaşda Rusiyanın bütün hərbi potensialını öyrənib və Rusiyanın heç bir cavab tədbiri onu qorxutmur.
  2. Krım körpüsünün məhz indi hədəf alınması təsadüfi deyil. Ukrayna müasir NASAMS hava hücumundan müdafiə vasitələrilə artıq öz hava məkanının mühafizəsini xeyli dərəcədə təmin edib. Rusiyanın raket hücumları artıq onu əvvəlki kimi narahat etmir. Üstəlik, Ukrayna cəbhə xəttindən 300 km məsafədəki hədəfləri dəqiq vurmaq üçün xeyli sayda müasir silahlara malikdir. Müharibənin daha şiddətli mərhələyə keçməsi Ukraynanı qorxutmur.
  3. Putin “referendum” keçirib, Ukraynanın daha 4 vilayətini Rusiyaya qatmaqla Ukrayna və onun müttəfiqlərinin əl – qolunu açmış oldu. Əgər son vaxtlara qədər ABŞ Ukraynanı Rusiya ərazisini vurmaqdan çəkindirirdisə, “referendumlardan” sonra bu vəziyyət aradan qalxdı. Çünki indi Rusiya qanunvericiliyinə görə məsələn, Xersonla Krım, hətta Rostov arasında heç bir fərq yoxdur. Beləliklə, Qərb məcbur olub Ukraynaya Krımı da bütün vasitələrlə vurmaq üçün kart – blanş verib.
  4. Krım körpüsünü vurmaq təkcə hərbi məsələ deyil. Ukrayna Krım körpüsünü vurmaqla Putinin şəxsi nüfuzunu, qürurunu hədəf alıb. Əsas məqsəd Putinin xarizmasını cızmaq, Rusiya daxilində anti – Putin ovqatını gücləndirməkdir.