İctimai fəal Bəxtiyar Hacıyev
Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Şuşada deyib ki, biz Xankəndiyə girməyə yaxın idik, ancaq mülki əhalinin ölümünü görməmək üçün ora girmədik.
2021-ci il 23 noyabrda “DQR Xarici işlər naziri” David Babayan “Komsomolskaya Pravda” qəzetinə müsahibə verir və Azərbaycanın Şuşanı azad etdikdən sonra Xankəndində cəmi 7 nəfər(mülki) qaldığını deyir. (ekran görüntüsü və keçid şərhdə)
Belə çıxır ki, David Babayan yalan danışır, Xankəndində 60 min erməni oturub Azərbaycan ordusunun ora hücumunu gözləyirdi.
Yaxud Hikmət Hacıyev demək istəyir ki, Azərbaycan ordusu Xankəndiyə girsəydi, orada olan mülki adamları öldürə bilərdi, ona görə də girməsini istəmədik. Sanki, Azərbaycan ordusunu aşağılamaq cəhdidir bu.
Yaxud Hikmət Hacıyev yüzlərlə əsgər və zabitimizdən eşitdiyimiz “biz Hadruta girəndə evlərdə sobaların üstündə qaynar çaydanlar, fincana süzülmüş isti çaylar, boşqablara çəkilmiş isti yeməklər gördük. Hadrutda yaşayan mülki əhali son anlarda qaçıb xilas olmuşdular” deməklərini yalanlayır. Tuğda, Hadrutda, Şuşada da Azərbaycan ordusunun hücumundan çox az əvvəl, hətta hücum vaxtı mülki əhali vardı.
Bəlkə də Hikmət müəllim Arayik Arutyunyanla David Babayanın öldürülməməsini istədikləri üçün orduya “dayan” əmri verildiyini demək istəyir?
Bəlkə də Hikmət müəllim keçən ilki “Azərbaycana İskəndər raketi atılmayıb” deyəndən bir müddət sonra İskəndər raketlərini Hərbi Qənimətlər Parkında sərgiləmək, “Şuşaya qar yağmışdı, qar əridi, tapdıq” deməkləri kimi bu dəfə də “Putin icazə vermədi, ona görə “dayan” əmri verildi” deyə bilmədiyi üçün belə uğursuz açıqlama verib?
Hər bir halda ehtiyac olmadığı bir vaxtda verilmiş uğursuz bir açıqlamadır. Minlərlə şəhid verdiyimiz bir müharibədən sonra hələ də Xankəndində separatçıların bayrağının dalğalanmasını xarici qüvvələrin müdaxiləsinə yox, öz istəyimizə bağlaması bu müharibədə canını vermiş insanlara da hörmətsizlikdir. Xarici təzyiq açıqlamasını 100 nəfərdən 50-si qəbul etməsə də, 50 nəfər “başqa nə edə bilərdik ki?” deyərək qəbul edirdi. Amma “özümüz girə bilərdik, girmədik” açıqlamasını necə qəbul edək?