Bəs deyirdiniz, savaşdan sonra hər şey dəyişəcək?

AXCP sədri Əli Kərimli

Vətənin igid oğulları ona görəmi şəhid, qazi, veteran oldular, üzərlərinə qardan yorğan örtdülər, min bir əziyyətə qatlaşdılar ki, işğaldakı torpaqları azad edib hakim ailə və oliqarxlara məxsus şirkətlərə əkin, örüş yerləri, tikinti meydançaları qazandırsınlar?
Nəyə görə həmin torpaqların əsl sahibləri olan Qarabağdan məcburi köçkünlər öz yurd – yuvasına qaytarılmır, ancaq həmin torpaqlar hakimiyyətdəki dəstə üzvləri arasında bölüşdürülür, əkilir, becərilir, tikilir, o torpaqlara aidiyyatı olmayan adamlar o torpaqlardan əlavə milyonlar qazanır?

Bəs deyirdiniz, savaşdan sonra ölkədə hər şey dəyişəcək? Bəs deyirdiniz, heç olmasa, şəhid qanları ilə suvarılmış Qarabağ torpaqlarında korrupsiya, monopoliya meydan sulamayacaq? Nəyə görə yenə də xalqı aldatdınız?

Ağdama hələ bir nəfər ağdamlı qaytarılmayıb, ancaq “Ağ Şəhər”i tikən, ailəyə yaxınlığı şübhə doğurmayan şirkətlərdən biri – “Parkhill” şirkəti artıq Ağdamın mərkəzində tikəcəyi binalarda mənzilləri satışa çıxardıb. Həm də çox yüksək qiymətə. Hələ tikilməmiş binanın mənzilləri 1 kvadratmetri 1250 manata təklif olunur. Ağdamda tikiləcək evlərin qiymətinin bahalığını firmanın nümayəndəsi belə izah edib ki, “bura Masazır deyil, Əhmədli deyil, Ağdamdır. Qarabağda torpaqlar dəyərlidir.”

Əvvəla, Vətən torpaqlarının, o cümlədən Masazır və Əhmədlinin də hər qarışı dəyərlidir, Vətənin bir parçasıdır.
İkincisi, firmanın nümayəndəsi “Qarabağ torpaqları dəyərlidir” deyəndə çox güman, onu vurğulamaq istəyib ki, o torpaqların hər metri şəhid, qazi qanları ilə suvarılıb. Bəli, işğal olunmuş ərazilərimizi azad etmək üçün 3 min şəhid, 12 min qazi vermiş xalqımız üçün o torpaqlar həqiqətən çox dəyərlidir. Ancaq bu dəyər ölkəyə obyekt kimi baxan dəstənin düşündüyü əlavə qazanc mənasında deyil. Hər qarışı şəhid qanı ilə yoğrulmuş o torpaqların ilk növbədə mənəvi dəyəri çox böyükdür. Həmin torpaqların bazar qiymətini müəyyənləşdirmək isə mafiyanın işi deyil. Torpaqlar əvvəlcə əvəzsiz- pulsuz olaraq qaytarılmalıdır həmin torpaqlarda əvvəllər yaşamış insanlara. Sonradan həmin torpaqları kim satacaq, neçəyə satacaq, yoxsa özü istifadə edəcək, bu artıq o sakinlərin işidir. Hə, bir də azad edilmiş torpaqlarda qaz vurub qazan dolduranların həmin torpaqların azadlığı üçün sağlamlığını itirmiş qazilərimizin intihara sürüklənməsini laqeydliklə müşahidə etməsi çox böyük nankorluqdur.