700 bal toplamış Nigar niyə Ankara universitetini seçdi?

İqtisadçı ekspert Samir Əliyev

Sosial şəbəkələrdə və mətbuatda IV ixtisas qrupu üzrə ən yüksək bal (700 bal) toplamış Nigar Ağazadənin yerli universitetlərdən imtina edərək Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunması barədə yayılmış xəbər ətrafında xeyli müzakirə getdi. Əksəriyyət Nigarın bu addımı təqdir etsə də təəssüf ki, onu qınayanlar da oldu. Ancaq bir az dərinə getsək onu qınayanların nə qədər haqsız olduğunu görmək olar.

Bakıdakı 125 nömrəli tam orta məktəbin məzunu olmuş Nigar Ağazadə qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə (700 bal) əldə edib. Bütün bunlar onun yuxusuz gecələri, stressli həyatı və ən əsası məqsədyönlü çalışmaları hesabına baş verib. Nigar balamız bunun üçün sosial şəbəkələrdən uzaq durub, toy şənliklərindən imtina etməyi bacarıb. Və qarşısına qoyduğu hədəfə çatıb. Eyni zamanda oxuduğu məktəbin, təhsil aldığı müəllimlərin üzünü ağ edib. Daha çox Təhsil Nazirliyinin üzünü ağ edib, onun getdikcə pisləşən təhsil statistikasını nisbətən yaxşılaşdırıb.

Sonra nə baş verib? Heç nə. Nə yaşadığı rayon rəhbərliyi maraqlanıb, nə də Təhsil Nazirliyi. Adicə quru təbrik də edilməyib. Təhsil Nazirliyi Nigara dərs demiş müəllimlərin, yaxınlarının sosial şəbəkələrdəki haraylarını da eşitməyib, “bu uşağa vaxtında yiyə durun” kimi mesajlarını qulaq ardına vurub. Əvəzində Türkiyənin adlı-sanlı universitetləri ONU AXTARIB TAPIB. Və nəticədə Ankara Universitetinin təklifini qəbul edib. Bütün xərcləri də Universitet öz üzərinə götürüb. Halbuki Nigarın arzusu ilkin olaraq Azərbaycanın universitetində təhsil almaq olub.

Bu gün Azərbaycan səhiyyəsi xarici ölkələrdə, o cümlədən Türkiyədə təhsil almış həkimlərin çiynindədir və onların hesabına getdikcə zəif olsa da irəliləyir. 10-20 il bundan öncə belə peşəkarlar yox idi. Nigar da gələcəkdə onlardan biri olacaq, ölkəyə qayıdıb insanlara xidmət edəcək. Bu gün onu qınayanlar sabah onun xidmətindən yararlananda bu günü yada salmadan deyəcəklər ki, yaxşı ki təhsil üçün xaricə getmisən.