“Tərtər işi”nin açılması, cinayətkarların hamısının cəzalandırılması bizim üçün şərəf məsələsidir”

AXCP sədri Əli Kərimli

Dostlarımdan biri mənə bir foto göndərdi(həmin fotonu şərh bölümündə yerləşdirirəm). Fotoda Tərtər qətliamı zamanı oğlu işgəncə ilə öldürülmüş Validə xanımın və oğlu Elçin Quliyevin şəkillərinin üzərinə “vətən xaini Quliyev Elçin” yazılıb. Mənə bildirildi ki, bu fotonu Tofiq Şahmuradov paylaşıbmış. Mən bundan xəbərsiz olmuşam.
Təəssüf edirəm ki, Validə xanımı, digər ürəyi dağlı anaları və Tərtər qurbanlarını istəməyərəkdən, bilməyərəkdən incitmişəm. Buna çox təəssüf edirəm. Belə olmasını heç istəməzdim.

Bu günlərdə Tofiq Şahmuradov inzibati qaydada həbs olunan zaman mən son 2-3 gündə inzibati qaydada və cinayət ittihamı ilə həbs olunmuş 9 nəfər haqda status yazıb, onların birgə fotosunu paylaşanda Tofiq Şahmuradovun belə bir paylaşımından xəbərim olmayıb. Həmin foto artıq səhifəmdən çıxarılıb (dəyişdirilib).

Dostlar, Tərtər cinayətləri yeni başlayanda rejim cəmiyyətdə elə bir mənəvi terror mühiti yaratmışdı ki, hətta işgəncə ilə öldürülən hərbçilərin bir çoxunun normal qaydada dəfninə belə imkan verməmişdilər. Bəzi qurbanların övladlarının “xəyanətkarın övladıdır” damğası ilə məktəbə getməsinə belə imkan vermirdilər. Elə bir mənəvi terror mühitində
Tərtər işi üzrə hərbçilərimizin işgəncə ilə öldürülməsi haqda ilk danışan mən olmuşam. İşgəncənin, qətllərin dayandırılmasını tələb etmişəm. Təəssüf ki, məkrli adamlar həmin çıxışımı da kəsib – doğrayıb, saxtalaşdırır. Məlumatsız adamları aldadırlar ki, guya mən Tərtər cinayətlərinə haqq qazandırmışam. Mən həmin çıxışımı yenidən paylaşacam. Mənim ozamankı çıxışımın bütöv variantını izləməmiş və saxtakarların aldatdığı adamlar başa düşəcəklər ki, onları aldadıblar.

Tərtər cinayətini ifşa edən, ictimailəşdirən, orada baş vermiş insanlıq əleyhinə cinayətləri ilk olaraq xalqımıza çatdıran isə Milli Şura Koordinasiya Mərkəzinin üzvü, mənim əqidədaşım və komanda yoldaşım Oktay Güləliyev oldu. Oktay bəyin bu cəsarətli mövqeyinin nə ilə nəticələndiyini artıq bilirsiz.

Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. 2 -ci Qarabağ savaşı günlərində 1-ci Ordu Korpusunun keçmiş komandiri Hikmət Həsənovun yubileyini minlərlə digər şəxslər kimi mən də təbrik etmişəm. Ancaq bu mənim ona yaxşı münasibətim olması ilə bağlı deyil. Mən o adamı tanımıram. Onu müdafiə etmək fikrindən də çox – çox uzağam. Həmin savaş günlərində mən savaşda olan digər korpusun komandiri general Mais Barxudarov və Xüsusi Təyinatlıların rəhbəri genersl Hikmət Mirzəyev haqda da (onların yubileyi olmasa da) pozitiv yazılar yazmışam. Bu yazıların hamısı savaş.günlərində öndə olan hərbi hissələrimizə, bütövlükdə ordumuza dəstək məqsədilə yazılıb. O günləri xatırlayın, hamımız eyni ovqatda idik və savaşan orduya, onun komandirlərinə hamımız dəstək verirdik. General Polad Həşimov haqda isə saysız – hesabsız yazılarım olub. Polad Həşimovu indiki və gələcək hərbçilərimizə örnək kimi görürəm.

Sonda bir daha vurğulayıram, “Tərtər işi” üzrə dəhşətli işgəncə ilə öldürülmüş, işgəncələrə məruz qalmış çoxsaylı hərbçilərimizin qanının batırılmasına imkan verməmək, cinayətlərin sonadək açılmasına, cinayətkarların hamısının cəzalandırılmasına nail olmaq hamımız üçün şərəf məsələsi olmalıdır.