Bizi nə gözləyir ?

Azərbaycan necə demokratikləşəcək ?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Bizi nə gözləyir, bu ölkənin taleyi necə olacaq, biz avtoritarizmdən nə zaman qurtulacağıq, bu işlər necə olacaq? Bu suallar Ukrayna Rusiya savaşanın ilk günlərində yenidən gündəmə gəlməyə başladı. Çünki Rusiyanın bu müharibədə məğlubiyyətinin postsovet məkanında demokratik dəyişikliklərə yol açacağına çoxları inanırdı. Ancaq müharibə uzandıqca sanki əvvəlki ümidlər səngiməyə, cəmiyyət də gözləmə moduna keçməyə başladı.
Heç şübhəsiz ki, Ukrayna müharibəsində Rusiyanın hərbi məğlubiyyətdən sonra regional güc statusundan məhrum edilməsi və Qərbin keçmiş Sovet məkanında üstün təsirə sahib olması, avtoritar rejimlər üçün əvvəlki mövcudluq şərtlərini də dəyişdirəcək. Əgər əvvəllər Rusiya ilə həmsərhəd olan avtoritar rejimlər Qərbdən gələn demokratiya çağırışlarını, xalqların dəyişiklik tələblərini Moskvanın himayəsinə sığınaraq rədd edə bilirdilərsə, indi yaranmaqda olan yeni şəraitdə artıq belə bir imkan olmayacaq. Ancaq bu heç də, avtoritar rejimlərin, o cümlədən Azərbaycandakı Əliyevlər hakimiyyətinin yeni geosiyasi reallığı görüb, demokratiya yolu tutacağı anlamına gəlməməlidir. Məsələ heç də bu qədər sadə deyil. Ya da, xalqların avtoritarizmə qarşı kütləvi etirazları və demokratiya tələbləri olmadan, Qərbin kənar müdaxilə yolu ilə hər hansı ölkədə rejim dəyişiklikləri həyat keçirəcəyini gözləmək sadəlövhlük olardı. Bəs, o zaman Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti bizə demokratik dəyişikliklər üçün hansı yeni yeni şansları yaradır?
Bu yeni geosiyasi şərtlərdə xalq olaraq ölkədəki vəziyyətlə barışmayaraq demokratik dəyişikliklər tələbi ilə meydana çıxarıqsa, bu zaman biz artıq əvvəllər olduğu kimi meydanda tək qalmayacağımıza əmin olmalıyıq. Bu halda Azərbaycan hakimiyyətinin Rusiyanın himayəsinə sığınıb qarşı durmaya getmək imkanı olmadığlna görə, Qərbin öz demokratik haqlarını tələb edən xalqa daha real və təsirli dəstək vermək imkanları olacaq. Əgər rejim etiraz edən cəmiyyətin tələblərini zor yolu ilə əzməyə çalışarsa, bu zaman Qərbin əlində sanksiyalar və korrupsiyaya yolu ilə xaricə daşımış pulları dondurmaq kimi təsirli alətlər var. Ancaq bundan ötrü ilk növbədə Azərbaycan xalqının meydana olması gərəkdir. Yeni geosiyasi şəraitin vəd etdiyi imkan, yalnız kütləvi xalq mübarizəsi olacağı təqdirdə uğur qazanmağın mümkünlüyüdür. Əgər əvvəlki dövrlərdə Belarus nümunəsində olduğu kimi, avtoritar rejimlər açıq və kütləvi zorakılıqla ayağa qalxan xalqları əzə bilirdilərsə, bu dəfə belə bir imkan daha olmayacaq və azadlıq istəyən toplumların qələbə şansı onların mübarizə əzmindən asılı olacaq.
Qərbin regionumuzda təsir imkanları artıqca bu istər istəməz daxili siyasətə də öz təsirini göstərəcək və oyun qaydalarının dəyişməsi zərurəti hər gün daha da artacaq. Bu da yaranmış hər kiçik fürsəti yaxşı dəyərləndirib getdikcə demokratik prosesdə kütləvi iştirakı artırmaq üçün yeni imkanlar yaradacaq.
Ona görə də, ölkəmizdə demokratik dəyişikliklər olmasının məsuliyyətini xalq olaraq öz üzərimizə götürməyə hazır olmadıqca, heç bir geosoyasi dəyişiklik və Qərb kənardan bizə azadlığı hədiyyə şəklində bəxş etməyəcək. Heç bir halda mübarizəsiz demokratiya əldə etmək illizüyasına qapılmadan, Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlardan tarixi fürsət kimi yararlanıb, xalq olaraq nəhayət ki, biz də ölkəmizdə demokratik dəyişikliklər üçün iradə ortaya qoymalıyıq.