Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bizim Tarif Şurası dədə-baba qaydası ilə işləyir. Necə olursa qiymət Tənzimlənməsi adı altında qiymətlər ancaq artırılır. Tənzimləmə nədir? Tənzimləmə odur ki, 5 əşyanın, malın, xidmətin qiyməti bahalaşanda, gərək 4-5 malın da qiyməti aşağı salınsın. Əgər maarifdən yetim qalmış Tarif Şuramız ancaq qiymətləri artırmaqla məşğuldursa daha bunun nəyi tənzimləmədir? Bunun adı el dilində: “Yağlar yağ üstə gedir, yaramalar yavan qalır” deməkdir.
İyulun 26-da toplaşıb dərman peraparatlarının qiymətini “tənzimləyiblər”. Bu tənzimləmə 337 adda dərman vasitələrinin qiymətlərinin avqust ayının 1-dən etibarən 10 faizdən 50 faizə qədər artması deməkdir. Yeni Londonda bahalı mülkləri və bank hesabları olan Feyziyev ailəsi az “qazanırdı”, mülklərin sayı az idi, banklardakı ailə hesablarının məbləği az idi, Britaniya hökuməti onların Azərbaycan xəstələri hesabına topladıqları vəsaitin az hissəsin müsadirə etmişdi, adam gərək zərərin yerin doldursun. Amma yarımcan və biçarə Feyzulanın qoy canı çıxsın!
Dərman vasitələri onsuz da baha idi. Əliyevlər dərman biznesinə əl qoyandan sonra bizim ölkədə apteklər səhiyyə müəssisəsi olmaqdan çıxaraq ticarət obyektlərinə çevrilib. Qonşu Türkiyədə 19 manata olan bir dərman Azərbaycan xəstəsinə 109 manata başa gəlirdi. Yəni xəstəni dərmanın şəfasından daha çox qiymətin xofu öldürürdü. Tarifimizin bərəkətindən indi sağ-sökəl Feyzulla kişi o dərmanı 109 manata yox, 159 manata almalı olacaq. Çünki hakim ailənin qazancına xal salmaq olmaz.
Səhiyyə sığortası işləmir. İşləmir deyəndə ki, ölü doğulub. Heç işləməcəyək də. Hakim ailənin nəfinə onu işləməkdən sığortalayıblar. Bizə sığorta lazım deyil ki, əsas odur ki, İlham Əliyev əhalinin tibbi qayğı ilə əhatə olunduğundan danışsın, milləti biçarənin sağlamlığı keşiyində dayanmasın vətənpərvərlik örnəyi kimi tribunalardan səsləndirsin, ağıllı kəndən, aeropormaniyadan varlandığı kimi, xalqın “sağlamlığından” da varlansın, millətin qursağından yağ çəkib yağlansın, işsizliyi və yoxsuluğu 5 faizə endirdiyi yalanlara birini də əlavə etsin.
Bütövlükdə Azərbaycan səhiyyəsi hakim ailənin biznes obyektinə çevrilib. Bu obyektdə müalicə olunmur, müayinə olunur. Bir dərdi olanı onlarla müayindən keçirirlər. Lazım oldu olmadı biri müayinə edib ötürür o birisinə, 2-ci üçüncünə, 3-cü dördüncünə. Ötür-otar oyunudu. Bir nəsli müflis etməyənə qədər bu müayinəmaniya davam edir. Bu qədər müayinədən sonra da adamın sağ ayağının yerinə sol ayağını kəsirlər. Sabir demiş:
Dərdi təşxis etməyib, qovm-əqrəba ağlatmışam.
Sərhədlər açıq olanda burnu qanayandan barmağı qanayana qədər qonşu ölkələrə qaçırdılar. Bizim millətçilər Cənubda dil deyib dad vururdular. O məsələ öz-özünə həll edildi. Əliyevlər Azərbaycan səhiyyəsinin axırına çıxdıqdan sonra Təbrizin bütün mərizxanalarında tariflər türk dilində yazılır ki, Şimaldan gələn bacı-qardaşları əziyyət çəkməsinlər, yaxşı anlasınlar. Əməliyyata ehtiyacı olan xəstələrin son ümid yeri olan professor Fərman Ceyranovu saxta bir ittihamla qoydular dama ki, sən nə həddlə bizim bazarımıza girirsən? Adam heç olmasa təcili bir hadisə baş verərsə öz ailə üzvlərini etibarlı müalicə edəcək bircə səhiyyə müəssisəsi qurmadı. Çünki adama etibarlı müalicə müəssisəi yox, dərman satmaq, etibarlı qazanc yeri əldə etmək lazımdır. Nə isə, bir az uzun oldu!?