Türkmənistan və Tacikistan iyulun 21-də Qırğızıstanda keçirilən sammitdə Mərkəzi Asiya ölkələri arasında daha geniş əməkdaşlıq haqqında müqaviləni imzalamaqdan imtina ediblər.
Bu iki ölkənin prezidentləri bildiriblər ki, onlar “Mərkəzi Asiyanın 21-ci əsrdə İnkişafı üçün Dostluq, Qonşuluq və Əməkdaşlıq Müqaviləsini” imzalamazdan əvvəl öz ölkələrinin daxilində “müvafiq prosedurları” başa çatdırmalıdırlar.
Amma Türkmənistan və Tacikistan prezidentləri bu “prosedurların” nə vaxt həyata keçiriləcəyinə dair heç nə vəd etməyiblər.
Təhlilçilər deyirlər ki, Türkmənistan və Tacikistanın mövqeyi bəhanə kimi başa düşülməlidir, çünki bu ölkələrdə bütün qərarları avtokrat prezidentlərin özləri verirlər.
Britaniyada mənzillənmiş Central Asia Due Diligence analitik mərkəzinin əməkdaşı Alişer İlxamov deyib:
“Onlar üçün ölkə daxilində “prosedurlar” heç bir rol oynamır. Onlar bu müqaviləni elə yerindəcə imzalaya bilərdilər”.
İlxamov bildirib ki, Türkmənistanın mövqeyi onu təəccübləndirməyib. Politoloqun sözlərinə görə bu ölkə adətən regional müqavilələrə və inteqrasiya təşəbbüslərinə qoşulmur.
Türkmənistan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə də Avrasiya İqtisadi İttifaqına qoşulmayıb.
Azadlıq radiosu