Rusiyanın Ukraynadakı cəhdləri nəticə vermir

AXCP sədri Əli Kərimli

Rusiyanın müdafiə naziri Şoyqu Rusiya ordusunun Ukraynaya qarşı hücumlarının daha geniş coğrafiyanı əhatə etməsini rəsmən tapşırdı. Həm Rusiya, həm də Ukrayna savaşda əsaslı dönüşə nail olmaq üçün irimiqyaslı hücuma hazırlaşır.

Rusiya rəhbərliyi 18 apreldə başladığı Donbas hücumuna əvvəlcə çox ümidli idi. Ancaq döyüşlərin başlamasından 3 ay sonra deyə bilərik ki, Rusiya bu döyüşdə qarşısına qoyduğu əsas məqsədə nail ola bilmədi. Ukraynanın Donbasdakı böyük hərbi qruplaşması mühasirəyə düşmədi, Ukraynanın müdafiə xətti dağılmadı. Düzdür, Rusiya bu hücum əməliyyatı zamanı Luqansk vilayətinin Ukrayna nəzarətində olan hissəsini də işğal etdi. Ancaq bu bir neçə kiçik şəhərə görə Rusiya ordusu o qədər itki verdi ki, biz bu kiçik qələbələri də “Pirr qələbəsi” adlandıra bilərik. Üstəlik, Rusiya ordusu Luqansk vilayətindəki Ukrayna yaşayış məntəqələrini işğal edən zaman Ukrayna ordusu da Xarkov və Xerson vilayətlərinin 10- larla yaşayış məntəqəsini işğaldan azad etmişdi. Bütün bunlara görə Rusiyanın apreldə başladığı Donbas uğrunda döyüş bu günə qədər də status-kvonu ciddi dəyişə bilməyib və savaşda tərəflərin birinin xeyrinə əsaslı dönüş baş verməyib.

Son aylarda Qərb müttəfiqlərindən müasir, ağır silahlar almış, 10 minlərlə hərbçisi NATO dövlətləri tərəfindən hərbi təlim almaqda olan Ukrayna yaxın aylarda Rusiyaya qarşı ciddi əks-hücuma hazırlaşdığını gizlətmir. Son həftələrdə Ukrayna ordusu HİMARS yaylım atəşi sistemləri ilə Rusiya ordusunun silah anbarlarını və komanda mərkəzlərini çox uğurla sıradan çıxarır. Rusiya hərbi rəhbərliyi ABŞ – Qərb silahlarının keyfiyyətcə çox üstün olduğunu döyüş meydanında əyani şəkildə görür. Ona görə də Ukraynaya daha çox Qərb silahı verilənə qədər daha çox Ukrayna ərazisini işğal etməyi hədəfləyib. Rusiya hərbi rəhbərliyi Ukrayna ilə cəbhə xəttini ona görə böyütmək qərarına gəlib ki, silah və sursat baxımından kəmiyyət üstünlüyündən səmərəli istifadə etsin. Məsələn, belə bir misalda vəziyyəti təsəvvür edək. Ukrayna ordusunun hazıırda istifadə etdiyi 12 HİMARS (yaxın həftələrdə 21 olacaq) 100-200, hətta 300 kilometrlik cəbhə xətində effektiv işləyə bilir. Cəbhə xəttinin hər 20-30 kilometrinə 1 HİMARS sistemi düşür. Ancaq aktiv döyüşlərin getdiyi təmas xətti məsələn, 1500 – 2000 km olsa, onda cəbhə xəttinin hər 200-250 kilometrinə 1 HİMARS düşər. Cəbhə xətti böyüyəndə Ukraynanın digər silahlarının da azlığı qabarıq üzə çıxa bilər. Rusiyanın yeni taktikası buna hesablanıb.
Düzdür, müttəfiqləri Ukraynaya çox silah, sursat verir. Müharibə başlayandan sonra müttəfiqləri ilk 4 ayda Ukraynaya 38.5 milyard dollarlıq silah, sursat və digər hərbi təyinatlı yardımlar edib. Müqayisə üçün deyim ki, bu məbləğ İtaliya, Kanada, Polşa kimi dövlətlərin 2021-ci il hərbi xərclərindən çoxdur. Daha ciddi yardımlar da planlaşdırılır. Artıq ABŞ Ukrayna pilotlarının NATO təyyarələrini idarə etməyi öyrənmələri üçün 100 milyon dollar vəsait ayırıb. Bu o deməkdir ki, Ukraynaya NATO ölkələrinin müasir döyüş təyyarələrinin verilməsi də gündəmdədir. Pilotlar hazırlıqlarını başa çatdırdıqdan sonra, günün birində Ukraynaya ABŞ-ın F-15, F-16 və A-10 Thunderbolt döyüş təyyarələrinin və ya Böyük Britaniya istehsalı olan “Eurofighter Typhoon” ların, Fransa istehsalı olan “Rafale”lərin verilməsini eşitsək, gərək təəccüblənməyək.

Rusiya rəhbərliyi də bunu bilir. Ona görə də hələ də onun tərəfində olan silah üstünlüyündən tez istifadə etmək istəyir. Qərb mənbələri bütün indiyə qədərki itkilərdən sonra da Rusiyanın Ukraynaya qarşı 700-dən artıq yaylım atəşi sistemlərindən və 1500-dən artıq artilleriya qurğusundan istifadə etdiyini bildirir. Düzdür, Ukraynaya müttəfiqlərin verdiyi 200 -300 arası NATO uzaqmənzilli artilleriya sistemləri, HİMARS-lar daha dəqiq və effektiv silahlardır. Ancaq kəmiyyət üstünlüyü də ciddi önəm daşıyır. Rusiya rəhbərliyi bilir ki, günün birində silahların say üstünlüyünü də itirə bilər. Ona görə də tələsir. Təəssüf ki, çoxsaylı itkilərə baxmayaraq Rusiya hücumları intensivləşəcək və əlavə coğrafiyaları da əhatə edəcək.

Ukraynanın bu savaşda məğlub edilməsinə imkan verməyəcəyini vəd etmiş müttəfiqləri də gərək tələssin. Bu savaş təkcə Rusiya – Ukrayna savaşı deyil.