Mustafa Cəmiloğlu – İran necə müsəlmandır ki…

“Onlar özlərinə müsəlman deyirlər, amma davranışları tam tərsinədir”.

Bu sözləri Krım tatarlarının lideri Mustafa Cəmiloğlu müsahibəsində İran liderlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.

İyulun 20-də İranın ali rəhbəri Əli Xamenei  Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyini bildirib.

 “Ukrayna məsələsində isə siz (Rusiya – red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı”,- deyə o Rusiya prezidenti Vldadimir Putinlə görüşü zamanı belə deyib.

Bundan başqa, Əli Xamenei “qərbpərəstlərin güclü və müstəqil Rusiyaya qarşı olduğunu” qeyd edib.

“Onları Ukraynada dayandırmasaydılar, onlar Krım bəhanəsi ilə bu müharibəyə başlayacaqdılar”.

Görüşdən bir gün sonra Ukrayna tərəfi də  Rusiya-İran yaxınlaşmasına fikir bildirib.

İyulun 21-də Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak  “Tvitter”də yazıb ki, Rusiya hərbi qüvvələrinin Xarkova endirdiyi zərbələr nəticəsində məscid zədələnib.

O, “dünyanın ikinci ən böyük ordusu”nu silahlarla təmin etmək üçün Putinin Tehrana gedərək İranın Ali Rəhbəri ilə görüşdüyünü xatırladıb.

“Eyni zamanda, Xarkovda məscidə hücum etmək. Lakin İran Kremlin bu həqarət jestini başa düşə biləcəkmi?”, – Podolyak qeyd edib.

“Belə bir mövqesi olan dövlət necə müsəlman dövləti ola bilər ki?”

Krım tatarlarının lideri Mustafa Cəmiloğlu İran siyasətinin Rusiyanın mənafeyinə xidmət etdiyini deyir:

“Onlar özlərinə müsəlman deyirlər, amma davranışları tam tərsinədir. Kırımla bağlı məsələlərdə də İran ya rusları dəstəkləyir, ya da konkret mövqe nümayiş etdirməkdən çəkinib. Biz BMT-də Krım tatarlarının həbs edildiyini, işgəncəyə məruz qaldığını müzakirə edəndə İran tərəfsiz mövqe göstərir. Bu məsələdə doğruluq və pislik arasında səssiz qalmaq mümkün deyil. Belə bir mövqeyi olan dövlət necə müsəlman dövləti ola bilər ki?”

Mustafa Cəmiloğlu İranın Krım müsəlmanlarının faciəsinə səssiz qalmasını təəssüflə qeyd edir.

Fələstində müsəlmanlara qarşı edilən basqıları bütün dünya müsəlmanlarının ümumi problemi hesab edən, bununla bağlı sərt mövqe bildirən Azərbaycan dini icmaları da hələ səssizdir. Şərh üçün müraciət etdiyimiz dindar aktivistlərin də bir qismi sualı eşitdikdən sonra danışmaqdan imtina etdilər.   

“İranın da bu müharibəni dəstəkləməsi  sırf siyasi mahiyyət daşıyır”

Müsəlman Birliyi Hərəkatının üzvü Əbülfəz Bünyadov belə deyir və əlavə edir ki, onların təşkilatı  heç bir ölkənin ərazi bütövlüyünün pozulmasını müsbət qiymətləndirmir:

“Əvvəllər baş verənlərə müharibələrə nəzər saldıqda görünür ki, o vaxt Qərbin törətdiyi fəsad Rusiyanın etdiklərindən heç də az deyil. Bu gün biz  İraq, Suriyanın vəziyyətinə baxanda  Amerikanın, Qərbin yaratdığı fəsadların, insan ölümləri bundan az fəlakət yaratmadığını görürük.

İranın da bu müharibəni dəstəkləməsi  sırf siyasi mahiyyət daşıyır. Çünki bu siyasi müharibədir. Burada dini müharibə, dini hadisələr baş vermir ki, biz də bunu dini aspektdən qiymətləndirək”.

Toplum.tv