İlham Əliyev yenə yalan danışır

AXCP sədri Əli Kərimli

İlham Əliyev deyib, quru sərhədləri ona görə bağlı saxlayır ki, adamlar xəstələnməsin, həyatlarını itirməsin. Düz demir. Həqiqətən də vətəndaşların həyatı və sağlamlığı qeydinə qalan dövlət başçısı təkcə Tərtər işi üzrə 13 hərbçinin işgəncə ilə öldürülməsinə və bu cinayətin əsas təşkilatçılarının məsuliyyətdən yayınmasına göz yummazdı.

Vətəndaşların həyat və sağlamlığı haqda gerçəkdən də düşünən dövlət başçısı həkim və tibb işçilərini 300 – 500 manat əmək haqqına məhkum etməz, səhiyyəni indiki acınacaqlı duruma salmazdı.

Vətəndaşların həyatına gerçəkdən dəyər verən dövlət başçısı içimizdəki ən imtiyazlı şəxslər olan Qarabağ qazilərinin kütləvi intiharına səbəb olmuş vəzifəli şəxsləri sərt cəzalandırar, qazi intiharlarını durdurmaq üçün Qarabağ qazilərinin, şəhid ailələrinin, müharibə veteranlarının sosial problemlərini köklü şəkildə həll edərdi.

Vətəndaşların sağlamlığı haqda düşünən dövlət başçısı, 400 min nəfər yaşlı, ağır xəstə və ya əlil insanı dərman almaq üçün son ümidi olan pensiya və müavinətdən məhrum etdirməzdi.

Vətəndaşların sağlamlığı haqda düşünən dövlət başçısı yaxşı qidalana bilmədiyi üçün təqribən yarısı qan azlığından, vitamin çatışmazlığından əziyyət çəkən 2.6 milyon nəfərdən artıq azərbaycanlı uşağı uşaqpulundan məhrum etməzdi.

Quru sərhədləri bağlı saxlayırlar ki, daha çox qazansınlar, xalqın son pullarını da əlindən alsınlar.