AXCP sədri Əli Kərimli
Boris Consonun baş nazir vəzifəsindən getməyə məcbur olması Rusiya – Ukrayna savaşına necə təsir edəcək? Boris Consonun gedişi Ukraynaya dəstəyi azaldacaqmı? İndi çox adamı bu suallar düşündürür.
Şübhəsiz ki, Ukraynanın beynəlxalq birlik tərəfindən belə yüksək səviyyədə dəstəklənməsinin əsas təşkilatçılarından biri Boris Conson olub. Əslində Consonun Azərbaycandakı populyarlığı da daha çox bu faktorla bağlıdır. Rusiya – Ukrayna savaşı başlayan zaman Boris Consonun Böyük Britaniya baş naziri, Cozef Baydenin isə ABŞ prezidenti olması heç şübhəsiz ki, Ukrayna üçün çox mühüm bir şans məsələsi oldu. Məhz bu iki liderin səylərilə beynəlxalq aləm Rusiya işğalına qarşı bu səviyyədə birləşdi, Ukrayna bu səviyyədə dəstəkləndi. Ancaq hazırda Consonun baş nazir vəzifəsindən getməsi Ukraynaya beynəlxalq dəstəyi azaltmayacaq.
- Böyük Qərbin Rusiya – Ukrayna savaşına münasibəti artıq formalaşıb. ABŞ, AB, NATO, Böyük 7-lər artıq əsas qərarları veriblər. Konsensusa gəliblər, silah və vəsait ayrılması ilə bağlı ən vacib qərarlar qəbul edilib. Bu konsensusun pozulması ehtimalı yox dərəcəsindədir.
- Nəinki beynəlxalq birliyin, heç Böyük Britaniyanın Ukrayna siyasətində də əhəmiyyətli dəyişiklik olmayacaq. Conson baş nazir olaraq hakim Konservatorlar partiyasının siyasətini həyata keçirib. Konservatorlar Böyük Britaniyada iqtidar partiyası olaraq davam edir. Consonu istefaya məcbur edən partiyadaşları onu tamamilə başqa səbəblərə görə istefaya göndərirlər. Consonun Ukrayna və Rusiya ilə bağlı siyasətini təftiş etmirlər və bu siyasət davam edəcək. Üstəlik, Böyük Britaniya parlamentində Ukraynaya çoxpartiyalı dəstək mövcuddur. Hətta iqtidar partiyası nə vaxtsa dəyişsə belə, Böyük Britaniyanın Rusiya və Ukraynaya münasibəti köklü dəyişməyəcək.
- Rusiyanın işğalçılıq siyasətinə qarşı beynəlxalq koalisiyanın formalaşmasında Boris Consonun dinamik, cəsarətli siyasəti mühüm rol oynasa da, Rusiyanın imperiya ambisiyalarını cilovlamaq, Ukraynanı güclü şəkildə dəstəkləmək və bu məqsədlə beynəlxalq koalisiya yaratmaq işinin lideri ABŞ prezidenti Cozef Baydendir. O isə yerindədir. Üstəlik, ABŞ Konqresində də Ukraynaya ikipartiyalı dəstək var. Respublikaçılar partiyası da Ukraynanı güclü şəkildə dəstəkləyir. ABŞ-ın Ukrayna siyasətinin dəyişəcəyi gözlənilmir. Bu isə həlledicidir.
Avropa Birliyinin Ukraynaya dəstəyi də qətiyyən azalmayacaq. AB artıq Ukraynaya üzvlüyə namizəd statusu verib. Üstəlik, Ukraynanın bərpası və inkişafı üçün 500 milyard avro ayırmağa hazırlaşan da AB-dir. Dünyadakı 2-ci böyük güc mərkəzi AB-nin də Ukraynaya dəstəyi davam edəcək.
Beləliklə, Ukrayna xalqına ən mühüm zamanda verdiyi həlledici dəstəyinə görə hörmətli Boris Consona təşəkkür edək və beynəlxalq birliyin Ukraynaya dəstəyinin azalmayacağına da inanaq. 21- ci əsrdə işğal, zorbalıq və imperiya ambisiyaları keçməməlidir və keçməyəcək.