Özünə gün ağlamayana heç kim kömək etməz

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Tez-tez təkrarlanan belə bir konspirativ iddia var: Qərb müsəlman dövlətlərinin əlindən neftini-qazını alır, səbəb də, guya, xristian Qərbin müsəlman düşmənçiliyi və varlanma istəyidir.

Tarixə nəzər salsaq, əsassız deyil, amma bugünümüzün rakursundan baxdıqda mənasız, axmaq bir iddiadır.

Öncə ondan başlayaq ki, Qərbdə xristian, demək olar ki, qalmayıb. Çexiyanın 90, Belçikanın 73, Ingiltərənin, Fransanın, Niderlandın 70-80 faiz əhalisi ya ateistdir, ya deist. Bu ölkələrdə müsəlmanların sayı az qala xristianlardan çoxdur və öz ölkələrində itin zülmünü görən müsəlmanlar Avropaya köçüb orada insan kimi yaşamağın nə olduğunu anlayırlar.

Hal-hazırda Böyük Britaniya hökumət böhranının astanasındadır və əslən türk olan (babası Əli Kamal Osmanlının daxili işlər naziri olub) Boris Conson biri pakistanlı, biri hindistanlı olan iki nazirin istefası ardından baş nazir postunu itirməyin bir addımlığındadır.
Londonun merinin müsəlman Sadiq xan olduğunu da bilməmiş deyilsiniz.

Pula gəlincə, Qərbin pulu hamıdan çoxdur.
Elə bu günlərdə Avropa Birliyi Ukraynanın bərpasına 500 milyard Avro ayıracağını bəyan etdi. Ukraynanın nə nefti, nə qazı var.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasına isə ciddi bir yardım ayırmayıblar. Niyə? Çünki, bizim prezidentimiz deyir ki, biz zəngin ölkəyik, Neft Fondunda 54 milyard dollar ehtiyatımız var, ölkəyə hər ay 2,5 milyard manat əlavə, büdcədə nəzərdə tutulmayan neft gəlirləri daxil olur, dövlət büdcəsində böyük profisit, yəni, əlavə, xərclənməmiş pulumuz var. Avropa Birliyi Azərbaycan xalqının pullarının ofşor hesablara necə daşındığını da, London mülklərinə necə sərmayə edildiyini də, üstəlik bu dəhşətli korrupsiya faktlarına biganəliyimizi də görəndən sonra bizə niyə yardım etməlidir ki?!

Səudlar çox zəngindir, nefti Qərbə satırlar, ancaq neftin pulunu bahalı avtomobillərə, uçaqlara, qızıl unitazlara, eyş-işrətə xərcləyirlər. Kim bilir, bəlkə də zəhmətsiz neft milyardları olmasaydı daha faydalı işlərlə məşğul olar, ölkələrinə daha etibarlı gələcək qurardılar.

Iranda, Irakda, Suriyada, Liviyada yaşanan bədbəxtliklərin səbəbi də Qərb, Şərq, Şimal, Cənub deyil. Diktatorların hikkəsi, acgözlüyü, ucsuz- bucaqsız tamahı və kütlələrin dini, milli duyğularını manipulyasiya edib kullanmaq üçün sığındıqları cəhalətdir.

Qərb əsrlər boyu bu cəhalətin pəncəsi altında əzildi və yalnız ondan qurtulduqdan sonra inkişaf yoluna çıxa bildi.
İnşallah, biz də qurtulacağıq.