Rəsmi qurumların açıqlamasına görə, bu il artıq Kəlbəcər və Laçın yaylaqlarına 300 mindən çox xırda- və iribuynuzlu heyvan aparılıb.
Üstəlik, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanıb.
Lakin həmin rayonların heç birində, hələlik, məskunlaşmaya başlanılmayıb.
“Mənə cavab gəlməyib”
Tərtər rayonunda (rayon mərkəzi və bir çox kəndləri işğal altında olmayıb) yaşayan və adının çəkilməsini istəməyən bir fermer AzadlıqRadiosuna bildirib ki, bu il heyvanlarını işğaldan azad olunmuş ərazilərin yaylaqlarına aparmaq istəsə də, ona, hələlik, müsbət cavab verilməyib: “Elektron qaydada müraciət etmişəm, amma mənə cavab gəlməyib”.
Onun sözlərinə görə, tanıdığı digər fermerlər də həmin yaylaqlara öz heyvanlarını apara bilməyib.
Nazirlik: “51 min hektarda şumlama işləri aparıb”
Kənd Təsərrüfatı Nazirliyindən isə “Turan”a bildirilib ki, bu il fermerlərə öz qoyunçuluq təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına aparmağa icazə verilib: “Köçlə bağlı aprel ayının əvvəllərindən start verilən prosesin uğurlu şəkildə nəticələnəcəyini düşünürük. Artıq Kəlbəcər və Laçın yaylaqlarına 300 mindən artıq heyvanın çıxarılması təmin edilmişdir”.
Nazirlikdən açıqlamaya görə, portaldan qeydiyyatdan keçən və sayı reqlamentə uyğun xırdabuynuzlu heyvana sahib olan təsərrüfat sahiblərinə Kəlbəcər, Laçın yaylaqlarında öz təsərrüfatlarını yerləşdirmək üçün müvafiq icazələr verilib: “Əvvəlki illərdən fərqli olaraq bu il Kəlbəcər və Laçın yaylaqlarından istifadəyə yalnız bu rayonlardan olan fermərlərə deyil, ümumiyyətlə, azad olunmuş ərazilərin rayonlarından olan bütün fermerlərə şərait yaradılıb”.
Habelə vurğulanıb ki, Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə 2021-2022-ci təsərrüfat ili üzrə 50 min 935 hektar sahədə şumlama işləri aparıb: “Bunun 50 min 393 hektarında səpin həyata keçirilib. Aparılan əkinlər, əsasən, taxıl əkinləridir, buğda və arpa”.
Azadlıq radiosu