Oktay Gülalıyev – 50
Etiraf edirəm, birinci dəfədir ki, yubiley təbriki yazmaq mənə bu qədər çətindir.
Qətiyyən şübhəm yoxdur ki, Milli Şura Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oktay bəy bu rejimin qurbanıdır. Oktay bəy Tərtər işgəncələrini ilk dəfə araşdırıb ictimailəşdirən şəxsdir. Əksəriyyəti Aprel döyüşlərinin qəhrəmanları olan hərbçilərimizə dəhşətli işgəncələrin verilməsi haqda ilk məlumatları biz hamımız Oktay bəydən almışıq. Oktay bəyin fədakar araşdırmalarına qədər isə rejim o dəhşətli cinayətləri ört-basdır edə bilmişdi. Beləliklə, bir fədakar şəxs rejimin güc strukturlarının birgə səyilə xalqdan gizlətdiyi dəhşətli sirlərinin üstünü açdı. Rejimin Oktay bəyə nə qədər qəzəbli olduğunu özünüz təsəvvür edin. O qədər qəzəblənib, emosiyaya qapılmışdılar ki, rəsmi dövlət orqanlarının (DİN, Baş Prokurorluq) dililə Oktay bəyi Tərtər cinayətlərindən danışmasın deyə hədələyir, ona rəsmi xəbərdarlıqlar edirdilər. Ancaq Oktay bəy bütün bu xəbərdarlıqlara rəğmən susmurdu, hayqırırdı, Tərtər qurbanlarına ədalət tələb edirdi, işgəncə cinayətlərinin icraçılarını da, sifarişçilərini də ifşa edirdi…
Nəticəsini bilirsiz. Bu gün 50 yaşı tamam olan bu cəsur dostumuz 2 il yarımdan artıqdır ki, koma vəziyyətindədir.
İşgəncə rejimi bütöv bir xalqın gözü qarşısında mübariz bir şəxsiyyəti məhv etməkdədir.
Biz azərbaycanlıların Oktay bəyin işini yarımçıq qoymağa haqqı yoxdur. Tərtər cinayətlərinin törədilməsində və ört-basdır edilməsində iştirakı olan hər bir şəxs məsuliyyətə cəlb edilməlidir. Oktay bəyin başına gələnləri unutmağa və bağışlamağa da haqqımız yoxdur.
Bəli, biz zəif toplumuq. Oktay bəyin müalicəsini müasir xarici klinikalarda davam etdirməsinə də nail ola bilmədik. İndi Oktay bəy heç düz-əməlli müalicə də olunmur. Fədakar ailəsinin ümidinə qalıb. Allah özü bu ədalətsizliyə əncam çəkib, Oktay bəyə şəfa versin.
Yubiley günündə əqidə dostuma, bu şərəfli və mübariz insana sağalıb ayağa qalxmağı, ailəsini, dostlarını, xalqımızı sevindirməsini, sıralarımıza qayıdıb ədalət və azadlıq mübarizəsini davam etdirə bilməsini arzulayıram.