Beyləqanda pambıq tarlasında kütləvi zəhərlənmə şübhəsi var

Beyləqan rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə baş verdiyi bildirilir. Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, pambıq becərməklə məşğul olan təqribən 15 nəfər zəhərlənmə simptomları ilə rayon xəstəxanasına aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə “Turan”a bildirilib ki, Beyləqanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir: “Həmin şəxslər hazırda stasionar nəzarətdədir. Gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar”.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

Bundan 4-5 il əvvəl də Azərbaycanın bir sıra rayonlarında (Saatlı, Tərtər, İmişli və s.) pambıq tarlalarında bir çox kütləvi zəhərlənmə halı baş vermişdi. Həmin hadisələrlə bağlı 10-a yaxın müəyyən vəzifəli şəxs mühakimə edilmişdi. Onlar Cinayət Məcəlləsinin 222.1-ci (təhlükəsizlik qaydalarını insanların həyat və sağlamlığı üçün real təhlükə yaradan həddə pozma) maddəsi üzrə ittiham olundular. Bəzi şəxslərə müxtəlif cəzalar verildi. Onlar xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozmaqda günahlandırılırdılar.

Azadlıq radiosu