I yazı
Gültəkin Hacıbəyli
Vaxtaşırı olaraq cəmiyyətdən, xüsusilə də, geniş ictimai dəstəyi olmayan marginal qrupların təmsilçiləri tərəfindən “Köhnə müxalifət getməlidir”, “30 ildir nə etmisiniz?”, “Yeni liderə ehtiyac var” kimi çağırışlar eşidirik. Cəmiyyətin üzərinə heç bir ictimai məsuliyyət qoymadığı, geniş kütlələri dinc mübarizəyə səsləmədiyi, heç bir ciddi riski gözə almadığı üçün bu çağırışlar toplumun diqqətini tez cəlb edə bilir. Əksəriyyət “ölkəmin dəyişməsi üçün mən əlimi bir daşın altına qoymalıyam, bir şam yandırmalıyam, mübarizəyə dəstək verməliyəm” etirafındansa, “yeni bir Ağ atlı, Ağ arabalı, Ağ velosipedli oğlan peyda olub məni xilas edəcək” variantını tərcih edəcək. Bu da təbiidir, çünki, heç birimiz bir işin rahat həlli olduğu halda, çətin yolu seçmirik. Amma “Siz risk etməyin, yeni müxalifət, yeni lider gəlib sizi xilas edəcək” fikrini aşılayanlar ya bilməyərəkdən, yanlış təsir altına düşərək, ya da məqsədli şəkildə cəmiyyəti aldadır, manipulyasiya edirlər.
Yeni müxalifət və lider axtarışları, əsla, yeni təşəbbüs deyil və yaxın tariximizdə bu məsələdə cəmiyyətin gözünü açmalı olan ibrətamiz örnəklər var.
Məsələn, illər öncə bəziləri hətta ABŞ Konqresinə qədər gedib çıxıb oradan “cəmiyyət köhnə müxalifətdən, köhnə liderlərdən bezib, yeni qüvvəyə ehtiyac var” təbliğatını aparır, həmin o “yeni qüvvənin” beynəlxalq təqdimatını gerçəkləşdirirdilər. “Yeni qüvvə” insanlara əziyyət vermədən, təqib və təzyiq riski ilə üz-üzə qoymadan, dinc, kütləvi siyasi mübarizəyə çağırmadan günlərin birində, yalnız bircə dəfə, bir cəhdlə bir milyon insanı küçələrə çıxarıb bununla da ölkəmizi güllü-gülüstana çevirəcəkdi. Yəni, anladığımız qədər, siyasi mübarizə tarixi, politoloji nəzəriyyələr yenidən silinib yazılacaqdı, çünki, dünya demokratiya tarixində hələ belə bir fenomenə təsadüf edilməyib.
Hələ dünyanın heç bir ölkəsində 20-40-50 illik istibdad rejimlərini xalqların ardıcıl, sistemli, kütləvi mübarizəsi olmadan bir günlük mitinqlə, “yeni müxalifətin” Prezident Sarayında yüksək səviyyədə qarşılanması, Administrasiyanın məmuru ilə çay içməsi ilə, parlamentdə hansısa qanunvericilik təşəbbüsü ilə çıxış etməklə yola salmayıblar. Tunisdə Ben Əli rejiminə də, Misirdə Mübarək diktaturasına da, Liviyada Qəddafi tiraniyasına xalq son qoyub və yəqin ki, bəndəniz kimi siz də bu ölkələrin heç birindən parlaq siyasi lider xatırlamırsınız.
Ukraynada son Maydan olaylarında müxalifət meydana proses başlayandan düz iki həftə sonra çıxdı. Prosesi vətəndaş cəmiyyəti və xalq başlatmışdı. Paşinyan deputat olsa da Ermənistan müxalifətinin liderlərinin ilk onluğunda da deyildi və düz 140 dəfə uğursuz mitinq cəhdi etmişdi. Erməni xalqı ona azadlıqda olanda deyil, polis bölməsində saxlanılandan sonra dəstək verib kütləvi şəkildə Irəvanın Azadlıq meydanına axışdı və proses onun iştirakı olmadan başladı. Bundan əlavə, nə Ukrayna, nə Gürcüstan, nə Ermənistanda Azərbaycanda olduğu kimi 50 illik sərt avtoritar və repressiv sülalə rejimi mövcud olmayıb, istər Şevardnadze, istər Sarkisyan xalqın birinci dirənişi qarşısında dərhal geri çəkiliblər. O baxımdan biz daha çox şərq tiraniyaları ilə müqayisə oluna bilərik. Və bu qədər sərt repressiv şərtlər daxilində Azərbaycanda müxalifətin mövcudluğu belə möcüzədir. Nəinki Liviya, Tunis, Misir, Suriyada müxalifət olmayıb, Rusiyaya baxın, Belarusa baxın. Orada müxalifət görürsünüzmü?!
Rusiya son iki ilədək Azərbaycanla müqayisədə daha azad ölkə idi, ən azından Əli Kərimlinin pasportu əlindən alınanda, AXCP-nın bir ofisi qaynaqlananda, digəri partladılanda, AXCP-yə vaxtaşırı 300-500 dollar həcmində maddi dəstəyə görə cəbhə veteranı Saleh Rüstəmli absurd ittihamlarla şərlənib həbs olunanda müxalifət lideri Aleksey Navalnının Rusiyanın onlarla şəhərində ofisləri fəaliyyət göstərirdi, onun “Korrupsiyaya qarşı Mübarizə Fondu” internet üzərindən milyon dollarlarla ianə yığırdı və buna hakimiyyət tərəfindən heç bir müdaxilə yox idi.
Putin rejimi sərtləşib Azərbaycan standartlarına yaxınlaşan kimi Navalnı həbs olundu və bütün çevrəsi ölkəni tərk etdi! Rusiyada, faktiki olaraq, yaşayan və fəaliyyət göstərən bir ciddi müxalif sima qalmayıb!
Azərbaycanın “köhnəlmiş” müxalifəti isə həmin şəraitdə, hətta daha ağır şərtlər altında on illərdir mübarizə aparır və hələlik ciddi bir dəyişikliyə gücü çatmasa da, ən azından, öz həyatı, azadlığı, yaşadığı ağır məhrumiyyətlər bahasına ölkənin Türkmənistana, Suriyaya çevrilməsinin qarşısını alır.
…”Yeni müxalifət” isə sən demə uzun müddət imiş hakimiyyət laboratoriyasında yaradılırmış və az sonra həmin “yenilərin” səsi Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə səmimi, mehriban dialoqdan gəldi. Ədalət müəllim nəinki dialoqçularla, hətta cəmiyyətlə də səmimi oldu və etiraf etdi ki, dialoq çərçivəsində dialoq müxalifətçilərinin özlərinin və ailə üzvlərinin şəxsi problemləri həll olunur, sağlıq problemləri aradan qaldırılır, dişləri tökülən müxalifətçilərə yeni dişlər düzəldilir… Ali Məhkəmənin həmin o Ədalət müəllimin xeyir-duası ilə Ali Ədaləti bərpa etməsindən, “parlament seçkilərindəki “Müqəddəs Ata, Oğul və qutu” əməliyyatından, Milli Məclis zirvəsinin fəth edilməsindən danışmayacağam, bunları özünüz bilirsiniz…
Sonda onu da əlavə edim ki, “yeni müxalifətin” beynəlxalq təqdimatını edənlər özləri də az sonra “Şanlı Məktub” və ya “Üzrnamə” yazaraq İlham Əliyevə ünvanladıqları bütün tənqidlərə görə ondan acizanə şəkildə üzr istədilər…
“Yeni müxalifət” tamaşasının bir pərdəsi, beləcə, rüsvayçılıqla bitdi, amma görünən odur ki, şanlı hökumətimiz cəmiyyəti “ASAN XİDMƏT”-in “ASAN AZADLIQ” analoqu ilə manipulyasiya etmək siyasətindən daşınmaq niyyətində deyil…
Ardı var.