İctimai fəal Bəxtiyar Hacıyev
Ramil Usubov 25 il nazir oldu, onun 15 ili mənim ictimai fəaliyyətdə olduğum vaxtla üst-üstə düşdü. Onun nazir olduğu dönəmdə inzibati qaydada həbs də edildim, cinayət işi də açıldı, polis bölməsində dəfələrlə döydülər, amma bir dəfə olsun Usubova qarşı qəzəb, nifrət hiss etdirmədi.
Hətta bir dəfə aşağı səviyyədə mənə qarşı cinayət işi açmaq təşəbbüsü olmuşdu, dərhal müdaxilə edib, dayandırdı, sanki “məcburiyyətdən etdiyim günahlarımın əvəzinə belə məsələlərin qarşısını alıram” demək istəyirdi. Hər halda, mən də onun addımlarını siyasi mübarizənin bir hissəsi kimi görürdüm.
Amma Vilayət Eyvazov nazir təyin olunandan qısa müddət sonra cəmi 1 il ərzində məni düşmənə çevirməyi bacardı. Özü də kimə görə? fuadmuradovlara, alovlulara görə. Kimin məsləhəti ilə? 3-5 kitab oxumuş, özünü hamıdan ağıllı sayan ətrafının məsləhəti ilə. 44 günlük müharibə dönəmində hər şeyi arxada qoymuş Bəxtiyar Hacıyevi qısa müddətdə öz addımları, qərarları, seçimləri ilə özünə və onu ora təyin edən şəxsə qarşı düşmənə çevrmək üçün xüsusi bir məharət lazımdır.
Son olaraq mənə qarşı törədilmiş cinayətin araşdırılması ilə bağlı da qeyri-peşəkarlığını və səhv seçimlərini davam etdirir. İstintaqa verdiyim vəsatətlər arasında DİN-lə bağlı olmayan hər şey təmin edilib. Taksi sürücüsü gətirilib, ifadəsi alınıb, kamerası həmin əraziyə baxan mağaza sahibləri dindirilib, maşın icarəyə verən şəxslər dindirilib.
Amma DİN-lə bağlı üç vəsatətim olub. Məni təhdid etmiş və işgəncə vermiş Əkbər İsmayılov, Vüqar Ələkbərovun dindirilməsi və kameranı sabitləyən şəxsin dindirilməsi ilə bağlı. Özünün ən yaxın bu kadrları dindirilməyib, kamera ilə də bağlı dirəniblər ki, texniki problem olub.
Vilayət Eyvazov çıxıb “mənə qarşı təxribatdır, bu mənim şərəf məsələmdir” dediyi cinayət işi ilə bağlı kişi kimi bu iki seçimdən birini etməlidir:
- Ya deməlidir ki, mən eləmişəm, əcəb eləmişəm, mafiya qaydaları tətbiq edirəm, tənqid etmisən, mən də səni cəzalandırmışam.
- Ya da deməlidir ki, başqası edib, amma ən azı 10-15 nəfərin planlaşdırdığı, hər tərəfi kamera olan paytaxtın mərkəzində icra etdiyi cinayəti 2 aydır aça bilməyəcək qədər bacarıqsızam, qeyri-peşəkaram, “şərəf məsələm” adlandırdığım məsələdə irəliləyiş göstərə bilmirəm.
Hər iki halda bu vəzifəyə layiq olmadığını etiraf etməlidir. Əksini düşünürsə, buyursun, tapsın, cəzalandırsın, göstərsin ki, nə Baş Polis İdarəsindəki, nə oğurlandığım zaman törənən cinayətlər onun tapşırığı ilə törədilməyib (hərçənd elə bir boşluq buraxıb ki, bir müddət sonra bunu sübut etmək mümkün olacaq), o da bu cinayəti açacaq qədər, ölkədəki kriminal vəziyyəti nəzarətdə saxlayacaq qədər peşəkar nazirdir.