Milli Şuranın sədri, professor Cəmil Həsənli
Öz dərdimizlə onsuz da dərd içərisində olan cəmiyyəti daha da yükləmək istəmirəm. Amma bu gün Vüqarı vaxtsız itirməyimizdən 15 il keçir. Yaşasaydı bu gün 42 yaşı olacaqdı. Vüqar avtomobil qəzasında həlak oldu. Doğrusu, bu faciə nəticəsində yalnız o, özü getmədi, bizim vüqarımızı da özü ilə apardı. Və bu 15 ildə biz hər gün onun yolunu gözləmişik, bu 15 ildə bəlkə də hər gün biz onunla o dünyaya getmişik.
Üzərindən 15 il keçəndən sonra ilk dəfədir bizim həyatımızı param parça edən bu qəmli hekayənin bəzi məqamlarına toxunmaq istəyirəm. Mayın 24-də mən parlament qrupu ilə Peterburqa, MDB Parlament Assamlıyasının sessiyasına getmişdim. İyunun 1-i qayıdacaqdıq. Getməzdən əvvəl Vüqarla söhbətimiz oldu. Dedi məni izləyirlər. Müxtəlif markalı maşınlarla izləndiyin dedi.
Həmin vaxtlar tənqidi çıxışlarıma görə və xüsusilə Fərhad Əliyevin müdafiəsinə qoşulduğuma görə məni də qaraba-qara izləyirdilər. Əleyhimə təbliğat kampaniyası aparır, saxta məktublar yazılır, seçici adı altında bir dəstə adamı MSK-nın qarşısına piketə çıxarıb məni deputatlıqdan geri çağırmağı tələb etdirirdilər. Mən televiziya süjetinə baxanda gördüm bu adamların çoxu MTN şəbəkəsidir.
İçərilərində müxbir üzv, professor, elmlər doktoru, dosent olmaqla 42 nəfər həkim Prezident İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova mənim deputatlıqdan geri çağırılmağım barədə müraciət etmişdi. O vaxt ANS-də Mir Şahin mənə zəng elədi və dedi ki, hakimiyyət sənə qarşı çox qəzəblidir, tez gəl sənə efir verək, üzr istə, bəzi məsələləri etiraf elə vəziyyət bir az yumşalsın. İmtina etdim.
Elə həmin günlərdə axşam Akademiya bağında bir tanışımla gəzərkən bizi maşınla vurmaq istədilər. Daha doğrusu xarici markalı maşını sürdülər üstümüzə. Amma orada piyada çığırı ilə asfalt arasında hündür daş səki olduğu üçün maşın səkiyə dəyib sola buruldu. Sağ olsun ustalar səkini qeyri-standart formada çox hündür qoymuşdular. Biz maşınlarımızı da bağda qoyub oradan qaçıb Cavid prospektindəki evlərin arasına girdik. 45-50 dəqiqədən sonra gəlib maşınları götürdük.
Hələ 2007-ci ilin fevral ayının 26-da Xocalı faciəsi ilə bağlı “Xəzər” televiziyasında çıxışa gedəndə, giriş qapısına 10-15 addım qalmış saat 11:26-da mənə anonim zəng gəldi. Hakimiyyət əleyhinə çıxışlara son qoymağı, Əliyev qardaşlarının müdafiəsindən çəkilməyi tələb edirdilər. Özümlə, uşaqlarımla, ailə üzvlərimlə hədələyirdilər. Mən anonim zəngçiyə öz dilində cavab verdim. “Xəzər”də çıxışdan sonra bu zənglə bağlı bütün təfərrüatları yazıb elə həmin gün MTN verdim. Bir həftə sonra nəticəni soruşanda anonim zəng edəni “tapa bilmədiklərini” dedilər. Anladım ki, onların öz işidir. Sonra o 42 nəfər həkimdən biri mənə xəbər göndərdi ki, mənim əleyhimə müraciəti MTN onlara imzalatdırıb.
2007-nin mart ayından bir qohumdan xahiş etdim ki, səhərdən axşamacan daimi Vüqarla olsun, maşını da özü idarə etsin. Əlbəttə, mən yüz faiz deyə bilmərəm avtomobil qəzası bu zəngin və MTN-nin əməliyyatı idi, çünki Vüqarın özündə də ehtiyatsızlıq və günah olmuşdu. Amma qəzadan sonrakı anlarda şübhəli məqamlar vardı. İyunun 1-də gecə biz Peterburqdan qayıtdıq. Haradasa 00:20-də mənə Vüqarın yanında olan bizim qohumdan zəng gəldi ki, bəs Vüqar qəzaya düşüb, Təcili Yardım xəstəxanasındadır, tez gəl bura. Mən təcili taksi tutub getdim. İlk diqqətimi cəlb edən Təcili Yardım xəstəxanasının ətrafında MTN və prokurorluq işçilərinin vurnuxması oldu.
Mən palataya girəndə gördüm ki, Vüqarın sifətində həyat əlaməti yoxdur, amma bədənində də (o cümlədən başında da) qan izi sınıq izi yoxdur. Mən gələnə qədər artıq Vüqara bir neçə iynə vurmuşdular. Biləng tərəfdən bir az qolu sıyrılmışdı, onu saat sıyırmışdı. Qəza zamanı Vüqargil maşında 3 nəfər olmuşdular. 2 nəfər ümumiyyətlə heç bir zədə almamışdı. Onların dediyinə görə Vüqarı da danışa-danışa, huşu üstündə Təcili Yardıma gətirmişdilər.
Soruşdum nə etmək lazımdır? Bir orta tibb işçisi mənə dedi ki, bir beyin cərrahı var (ad soyadını dedilər), Yeni Yasamalda yaşayır, təcili onu gətirin. Tez taksi tutub getdim, adresi tapdım, həkimlə danışdım, gecə saat 2:30 olmasına baxmayaraq sağ olsun gəldi. Qayıtdıq xəstəxanaya. Amma o həkim gəlib Vüqara baxanda məni palataya buraxmadılar. 10-15 dəqiqə palatada olandan sonra həkim çıxıb mənə vəziyyət barədə ümumi sözlər dedi və özü də xəstəxanadan tələsik uzaqlaşdı. Haradasa gecə saat 5 radələrində Vüqar həyatla vidalaşdı. Bu barədə səhər tezdən televiziyalar da məlumat getdi.
İyunun 2-də səhər saat 9:20 olardı ki, dedilər meyiti müayinə üçün Respublika xəstəxanasına aparmaq lazımdır. Orada Patoloji Anatomiya şöbəsində Vüqarın cənazəsi içəridə olanda adını bilmədiyim bir prokurorluq işçisi mənə yaxınlaşıb dedi ki, 300 manat pul vermək lazımdır. Mən əvvəl elə bildim ki, bu xidmətin haqqı bu qədər edir. Sonra məlum oldu ki, sən demə meyiti yarmamaq üçün bu 300 manatı məndən rüşvət kimi alıblar.
Hələ biz Patoloji Anatomiya şöbəsində olanda mənə yaxın olan deputat dostlarımdan biri dedi mən gedim Bakı Şəhər İcra Hakimiyyətindən məzar yeri xahiş edib. Biz cənazəni məscidə gətirəndə o, Hacıbala Abutalıbovun otağından zəng etdi ki, biz dəfn üçün nə lazımsa Hacıbala müəllim göstəriş verdi, Qəbiristanlıq idarəsinin müdiri sizi gözləyir, gedin yerlər göstərəcək. Cənazə məsciddə yuyulanda mən dostum professor Eldar İsmayılovla getdik Qəbiristanlıq idarəsi rəisinin yanına. O, başsağlığı verdi, dərdimizə acıdığını bildirdi və birlikdə getdik “Qurd qapısı” məzarlığına. Orada bizə məzar yeri göstərdi və biz də qərara gəldik ki, təcili şəkildə məzarı qazıb hazırlasınlar. Elə biz dəfn hazırlığın müzakirə edəndə müdirə zəng gəldi. Və o, bir kənara çəkilib kiminləsə danışdı və çox pərişan halda qayıtdı ki, Cəmil müəllim bağışlayın Sizin oğlunuzun dəfni üçün məzar yeri ayrılmasına yuxarıdan razılıq yoxdur. Üzr istəyib sürətlə uzaqlaşdı. Biz çox dəhşətli mənzərə ilə üzləşmişdik. Cənazə artıq məsciddən evə gətirilmişdi. Amma dəfn etməyə yer yox idi. Gəldik Yasamal qəbiristanlığına və orada qəbir yerləri işlərinə baxan bir nəfəri tapdıq. O, da çıxılmaz vəziyyətə düşdüyümüzü görüb köhnə qəbiristanlıqda uyğun bir məzar yeri tapmaqda bizə kömək etdi.