Cəbhəçi narkotikdə ittiham edilir

Daxili İşlər Nazirliyindən (DİN) AXCP üzvü Razi Alışovun müxalif fikirli olduğuna görə şərlənərək həbs olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirilib.

DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, həmin iddialar tamamilə əsassızdır: “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar”.

Onun iddiasına görə, Gəncə şəhər sakini R.Alışov da şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik satarkən tutulub: “Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə,… satma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. Vətəndaş Razi Alışov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.

Həmin maddə ilə günahlandırılan şəxsə 7 ilə qədər həbs cəzası verilə bilər.

Cəbhəçinin saxlandığı deyilir

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Razi Alışovun Gəncə şəhərində saxlandığı bildirilir.

AXCP-dən verilən məlumata görə, onu mayın 28-də axşam saatlarında Gəncə şəhərinin Nizami rayon polis şöbəsinin əməkdaşları saxlayıb: “Ailəsinə bildiriblər ki, narkotiklə bağlı araşdırma aparılır. Dünən, mayın 29-da isə Razi bəyin Gəncədəki evində videoçəkilişlə axtarış aparılıb. Anasına boş kağıza qol çəkdiriblər ki, axtarışa etiraz etmir. Axtarış zamanı heç nə tapmayıblar”.

Partiyadan qeyd olunub ki, bu hadisələr R.Alışovun siyasi fəaliyyəti ilə bağlıdır.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bu nazirlikdən buna qədər oxşar şikayətlərə cavab olaraq, bir qayda olaraq, vurğulanıb ki, Azərbaycanda dinc, siyasi fəaliyyətə görə heç kim təqib edilmir.

Azadlıq radiosu