Səlim Müslümov buraxılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirildiyi bildirilir.

Səbail rayon Məhkəməsindən “Turan”a verilən məlumata görə, o, mayın 26-da ev dustaqlığına buraxılıb. Məlumata görə, sabiq nazirin səhhəti səbəbi ilə ev dustaqlığına buraxılması ilə bağlı müraciətə baxılıb, məhkəmə müraciəti təmin edib.

S.Müslümovu ötən ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs etmişdi. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. Bu maddələrlə təqsirləndirilən şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. Hələlik, bu ittihamlara onun özündən və ya vəkilindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

Xatırlatma

S.Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunda olub. Ondan əvvəl isə təqribən 11 il Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edib.

Hələ ötən əsrin 90-cı illərində “Kapital Bank”ın Səbail filialından milyonların mənimsənilməsi ilə bağlı aparılan cinayət işinə dair mətbuatda gedən yazılarda onun da adı hallanmışdı. (Onda S.Müslümovun Maliyyə Nazirliyində çalışdığı qeyd edilirdi). Amma sonradan o, daha məsul vəzifələrə irəli çəkilmişdi. S.Müslümov buna qədər ona qarşı səslənən ittihamları qəbul etməyib.

Azadlıq radiosu