Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezident Co Bayden mayın 25-də Mark Libbinin bu ölkənin Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb. Onun namizədliyinə Senatda baxılacaq.
Bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerin səlahiyyət müddəti başa çatır.
Mark Libbi kimdir
M.Libbi Vaşinqtonda yerləşən Milli Hərbi Kollecində Dövlət Departamentinin müşaviridir. O, 2018-ci ilin iyulundan 2021-ci ilin iyununa kimi ABŞ-ın Brüsseldəki missiyasında rəhbər müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. ABŞ-ın Varşava, Nassau, Nikosiya və Bağdaddakı diplomatik missiyalarında siyasi məsləhətçi kimi fəaliyyət göstərib.
Sələfi onun haqqında nə deyir
“Mən şəxsən tanımasam da, onun böyük təcrübəsi var”, – ABŞ-ın Azərbaycanda keçmiş səfiri (1994-1997) Riçard Kozlariç “Turan”ın Vaşinqton müxbirinə M.Libbinin namizədliyinin irəli sürülməsini şərh edərkən bildirib.
“Yaxşı ki, o, ABŞ Diplomatiya Xidmətinin kadr əməkdaşıdır”, – Kozlariç əlavə edib.
“Mənim ona yeganə məsləhətim ABŞ-ı Azərbaycanda təmsil etməkdən zövq almaqdır”, – sabiq səfir vurğulayıb.
Azadlıq radiosu