Hökumət pensiyaçıların sayının kəskin azaldılması işini davam etdirir

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri

Əmək və əhalinin sosial müdafiə nazirliyi yenə də pensiyaçıların böyük bir siyahısını doğrayıb töküb. Bu il yanvarın əvvəlinədək 1 milyon 200 min nəfərə düşən pensiyaçıların sayı aprelin əvvəlinədək ötən dövrdə daha da azalaraq 1 milyon 177 min nəfərə qədər düşüb. Üç aya pensiyaçıların sayı 23 min nəfər azalıb. 3 aya 23 min nəfər pensiyaçının çıxdaş edilməsi Azərbaycan kimi ölkə üçün sosial fəlakət sayılmalıdır. Qiymətlərin od tutub yandığı hazırkı dövrdə belə bir addım atmağı düşünmək və onu həyata keçirmək insan taleyi ilə oynamaq kimi bir şeydir.

Əgər dövlət başçısı İlham Əliyev pensiya yaş həddinin artırılmasına dair ölkəni geriyə atan qərarı imzalamasaydı və bu yolla 2017-ci ilin ortalarındakı artım tempinə müdaxilə etməsəydi, bu gün pensiyaçıların sayı 1380 min nəfərə qədər artacaqdı (10063,25X13,7/100≈1380; burada 10063,25-min nəfərlə əhalinin orta illik sayı,13,7-pensiyaçıların say artım tempidir). Bu göstərici ilə müqayisə etsək, pensiyaçıların sayının ötən 5 ildə 200 min nəfərdən çox azalması qənaətinə gələ bilərik. Deməli, ötən müddətdə 200 min nəfərdən artıq insan pensiya təminat sistemindən uzaqlaşdırılaraq Allahın ümidinə buraxılıb, çünki onların iş yerləri, yaxud da hər hansı alternativ gəlir mənbələri ilə təmin edilməsinə ümid çox azdır.

Hazırda ölkəmizdə pensiyaçıların əhali sayındakı payı 11,7 faizə qədər geriləyib. Müqayisə edin ki, Putin hökuməti əhalinin 31 faizinə, Lukaşenko hökuməti əhalinin 28 faizinə, Gürcüstan hökuməti əhalinin 26 faizinə, Ərdoğan hökuməti əhalinin 17 faizinə, Paşinyan hökuməti isə əhalinin 16 faizinə pensiya verir. Azərbaycan hökumətinin pensiya siyasəti ölkəmizi regionun ən bərbad ölkəsinə çevirib.