“Sabitlik” nağılının iflası

Jurnalist Aytən Məmmədovaya qarşı silahlı hücumla bağlı Milli Şuranın Bəyanatı

8 may 2022-ci il tarixində, gecə saat 23.45 radələrində ölkəmizin ən vicdanlı və peşəkar jurnalistlərindən biri olan Aytən Məmmədova naməlum şəxslər tərəfindən soyuq silahla hücuma və zorakılığa məruz qalıb. Evinə qayıdarkən onu güdüb onunla birlikdə liftə daxil olan şəxslər Aytən xanımı öncə boğmağa cəhd etmiş, sonra boğazına bıçaq dirəyərək ona gözlə görünən çapıq və qızartı şəklində xəsarətlər yetiriblər. Bu zaman xanım jurnalistdən adı çəkilməyən məhkəmə işi barədə yazmaması tələb olunub, o, körpə qızının-yeganə övladının həyatı ilə təhdid edilib.

Heç şübhəsiz ki, Aytən Məmmədovaya qarşı bu xain saldırı onun Nərmin Quliyevanın işi kimi tanınan azyaşlının itkin düşməsi və ehtimal edilən qətli ilə bağlı cinayət işini cəsarətlə təqib etməsi və məhkəmə prosesində üzə çıxan açıq-aydın saxtakarlıq faktlarını cəmiyyətə təqdim etməsi ilə bağlıdır. Məhkəmə prosesində təqsirləndirilən şəxs kimi cəlb olunmuş İlkin Süleymanovun açıqladığı dəhşətli işgəncə faktları, eləcə də, ağır cinayət əməlinin gerçək suçlularının ədalət mühakiməsindən yayındırılması istiqamətində ən azı Azərbaycan Respublikası Baş Prokurorluğunun vəzifəli şəxslərinin birbaşa və kobud müdaxilələri və marağı istintaqın həqiqətə işıq salmaqdan çox, gerçək cinayətkarları cəzadan yayındırmağa xidmət etməsinə əsaslı şübhələr yaradır.

Aytən Məmmədova qorxmadan, cəsarətlə bu faktların üzərinə gedirdi və heç şübhəsiz ki, onun boğazına bıçaq dirəyənlər, həm də Azərbaycan hüquq mühafizə orqanlarının konstitusion nəzarətdən çıxaraq kriminal qruplaşmaların xidmətçinə çevrilməsinə rəvac verənlərdir.

Bu olay həm də ölkədə medianın gerçək durumunu bütün çılpaqlığı ilə ortaya qoyan faktdır. Media azadlığının səviyyəsinə görə hətta Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Sudan, Ekvatorial Qvineya, Somali, Zumbabvedən də bərbad vəziyyətdə olan Azərbaycanda jurnalistin məhkəmə reportajına görə silahlı saldırıya məruz qalması, təhdid edilməsi, əslində, təəccüb doğurmamalıdır.

Son zamanlar Azərbaycanın dövlət hakimiyyət orqanlarının ya kriminal mafiya ünsürləri qarşısında aciz qalaraq öz funksionallığını itirməsi, yaxud da özünün kriminallaşaq mafiya idarəçiliyinə transfer etməsinə dəlalət edən bariz olaylarla üz-üzəyik.

Hüquq müdafiəçisi Rüfət Səfərovun təhdid edilməsi, ictimai fəal Bəxtiyar Hacıyevə qarşı mənəvi və fiziki işgəncə ilə müşayiət olunan terror əməli və indi jurnalist Aytən Məmmədovaya qarşı silahlı hücum Azərbaycanın dövlət hakimiyyət orqanlarının ya artıq ölkəyə nəzarət edə bilməməsinin, ya özlərinin mütəşəkkil cinayətkar dəstəyə- mafiyaya çevrilməsinin əyani sübutudur.

Bu həm də, uzun illər ölkəni sarmış ədalətsizliyə, haqsızlığa qarşı Azərbaycan xalqının kütləvi ictimai müqavimətini qırmaq üçün cəmiyyətə sırınan “sabitlik” nağılının iflasıdır.

Demokratik Qüvvələrin Milli Şurası olaraq Azərbaycan hakimiyyətindən jurnalist Aytən Məmmədovaya qarşı törədilən cinayət əməlinin – silahlı hücumun araşdırılmasını və cinayətkarların cəzalandırılmasını tələb edirik.
Milli Şura olaraq beynəlxalq təşkilatlara səslənərək ölkədə insan hüquqlarının və xüsusilə də, media azadlığının bərbad durumuna görə Azərbaycan hakimiyyətinin açıq şəkildə və uca səslə qınanılmasını, ondan öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icrasının tələb edilməsini istəyirik.

İlham Əliyev korrupsioner rejiminin öz siyasi hakimiyyətini qorumaq məqsədilə ölkəni mafiya idarəçiliyinə təslim edərək kriminallaşması onun siyasi ömrünü uzatmayacaq, ancaq rejimin özü və Azərbaycan cəmiyyəti üçün ağır və arzuolunmaz fəsadlar doğuracaq. Milli Şura olaraq ümid edirik ki, rejim dünyada baş verən qlobal geosiyasi dəyişikliklərdən nəticə çıxararaq bu uğursuz və perspektivsiz siyasətindən imtina edəcək.