Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın dövlət telekanalına müsahibəsinbdə deyib ki, hazırda nüvə müharibəsi təhlükəsi xeyli çoxdur və bu təhlükəni lazımınca qiymətləndirməmək olmaz.
O qeyd edib ki, Moskvanın prinsipial mövqeyi nüvə müharibəsinin yolverilməzliyidir:
“Bu, bizim prinsipial mövqeyimizdir. Biz bundan çıxış edirik. Mən heç istəməzdim ki, sizin çox hörmətli politoloqlara istinadən haqqında danışdığınız bu təhlükə süni şəkildə qızışdırılsın. Bunu arzu edənlər çoxdur. Təhlükə ciddidir, realdır və onu qiymətləndirməmək olmaz”.
Müsahibə Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı Ukrayna müharibəsinə həsr edilmişdi.
Rusiya XİN-in başçısı bildirib ki, Qərb ölkələri Ukraynanı silahla təchiz etməklə əslində Rusiyaya qarşı “proksi müharibə” aparırlar.
Ukrayna Rusiyanın Mariupoldan humanitar dəhliz açdığını təkzib edir
Ukrayna aprelin 25-də guya Rusiya tərəfi ilə Mariupol şəhərindəki Azovstal zavodundan mülkilərin evakuasiya olunmasına dair razılaşma əldə olunduğu barədə Moksvanın bəyanatını təkzib edib.
Kiyev bildirib ki, Mariupoldan mülkilər üçün hər hansı dəhlizin açılmasının təşəbbüskarı və qarantı yalnız BMT olmalıdır.
Rusiya bundan əvvəl bildirmişdi ki, Azovstalda qalan dinc əhalinin oradan çıxması üçün dəhliz açacaq.
Reuters agentliyi bildirir ki, Ukrayna baş nazirinin müavini İrina Vereşşuk bu barədə Telegramda yazıb:
“Bugün Rusiya bir daha Azovstaldan mülkilərin çıxması üçün dəhlizin olduğunu bəyan edib. Buna inanmaq olardı, əgər Rusiya bundan əvvəl dəfələrlə humanitar dəhlizləri dağıtmasaydı… Başa düşmək mühümdür ki, humanitar dəhlizlər hər iki tərəfin razılığı əsasında açılır. Birtərəfli elan edilmiş dəhliz təhlükəsizliyi təmin etmir, məhz buna görə də humanitar dəhliz sayıla bilməz”.
Rusiya Azovstala hücumu davam etdirir
Xanım Vereşşukun bəyanatından az sonra Ukrayna prezidenti Volodimir Zelenskinin müşavirlərindən biri Rusiyanın Azovstala səmadan və yerdən hücuma keçdiyini deyib.
Oleksiy Arestoviç deyib ki, Rusiya prezidenti Putinin ötən həftə Azovstala hücumu dayandırmaq əmri verməsinə rəğmən Rusiyanın hücum qrupları zavoda həmlələr etməyə cəhd göstərir.
Vereşşuk isə bildirib ki, Mariupoldan hər hansı humanitar dəhliz yalnız BMT-nin təşkilatçılığı ilə açılmalıdır.
O, BMT-nin baş katibi Antonio Quterrişi Azovstaldakı mülkilər üçün dəhliz açılması məqsədi ilə təşəbbüsçü və qarant olmağa çağırıb.
Vereşşuk deyib ki, hər hansı humanitar dəhlizin açılmasında BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri iştirak etməlidirlər.
Quterrişin bu həftə Rusiya və Ukraynada danışıqlar aparacağı gözlənilir.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sözü gedən danışıqlarda Mariupol və Azovstalda humanitar dəhlizin açılması məsələsi müzakirə olunacaq.
Mariupolun son ukraynalı müdafiəçiləri iki aydır ki, mühasirədə olan Mariupolun bu zavodunda istehkam qurublar və təslim olmurlar.
Rusiya humanitar dəhliz vəd edir
Rusiya mühasirədə olan Mariupol şəhərindən dinc sakinlərin çıxması üçün humanitar dəhliz açmağı vəd edir. Rusiyanın Müdafiə Nazirliyi aprelin 25-də bildirib ki, Mariupoldakı Azovstal polad zavodundan dinc sakinlərin evakuasiya olunmasından ötrü humanitar dəhliz açacaq.
Dəhlizin bu gün Ukrayna vaxtıyla günorta 2-də açılacağı vəd olunmuşdu.
Ancaq Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin Azovstal ərazisində Ukrayna mövqelərinə raket və bomba zərbələri endirdiyini bildirib.
Azovstal kompleksi strateji Mariupolda Ukrayna müqavimətinin sonuncu istehkamına çevrilib. Ukrayna rəsmiləri yeraltı tunellərdə minədək dinc sakinin qaldığını deyirlər. Daha öncəki evakuasiya cəhdləri alınmayıb.
Ukraynanın dəmiryolu xidməti aprelin 25-də ölkənin mərkəzi və qərb hissələrində beş stansiyaya raket zərbələri endirildiyini bildirib. Dəmiryolu xidmətinin rəisi Oleksandt Kamışin Rusiya əsgərlərinin dəmiryolu infrastrukturunu sistematik dağıtdığını deyir.
Azadlıq radiosu