Hakimiyyət mənə qarşı törətdiyi cinayəti “araşdırır”

İctimai fəal Bəxtiyar Hacıyev

Bu gün jurnalist dostlardan biri ilə oğurlandığım yerdə çəkiliş aparırdıq. Ətrafdakı obyektlərin kameralarının ərazini tutduğunu görüb kamera görüntülərinə baxmaq istədik. Məni saxladıqları anda küçədə bir xanım yolu diaqonal istiqamətdə keçirdi.

O andan etibarən baxmağa başlayanda xanım bir anda görüntüdən itdi. Saniyələrə baxanda məlum oldu ki, görüntülərdən bir yerdə 10, digərində 8, digərində 17 saniyəlik hissə obyekt sahibinin xəbəri olmadan, kibercinayət yolu ilə silinib.

Bu, bir daha onu sübut edir ki, bu cinayət hansısa cinayətkar qrup tərəfindən yox, mütəşəkkil, peşəkar dövlət qurumu tərəfindən həyata keçirilib.

Görüntülərdən həm də o görünür ki, yolun hərəkət istiqamətinə tərs dayanmış Toyota Prado 19:45-dən 23:02-yə qədər (3 saat 17 dəqiqə) orada dayanır və məni götürəndən sonra ara küçələrə girir.

Obyektlərdən görüntülərin götürülüb araşdırılması əvəzinə kibercinayət yolu ilə kamera sisteminə müdaxilə edib, silinməsi daxili işlər nazirinin “məsələni araşdırırıq” deməsində səmimi olmadığını, araşdırma aparmaq istəmədiklərini bir daha göstərir.

Cəmiyyəti, beynəlxalq ictimaiyyəti bu mövzuda səfərbər etməyənə qədər bu və buna bənzər cinayətlər davam edə bilər. Mənə cəmiyyətin ən müxtəlif təbəqələrindən ən müxtəlif qruplar yazaraq “nə edə bilərik?” soruşurlar. “Nə edə bilərik və nə etməliyik?” suallarına cavabımı növbəti geniş postumda yazacam.