İşğalın 57-ci günü -Putin hücumu dayandırdı

Ukraynada girov götürülmüş tələbə Bakıya qayıtdı

Ukraynanın Mariupol şəhərində martın 17-də əsir götürüldüyü bildirilən Hüseyn Abdullayev azadlıqdadır.

Putin ‘Azovstal’a hücumu ləğv edir

Rusiya Prezidenti Vladimir Putin Mariupol şəhərindəki “Azovstal” kombinatına hücumun məqsədəuyğun olmadığını deyərək onu ləğv edib. Bundan öncə isə Müdafiə naziri Sergey Şoyqu Putinə Mariupolun “azad olunması” haqda hesabat verib, Ukrayna hərbçilərinin “Azovstal” sənaye zonasında gizləndiyini, zavodun tam tutulmasının üç-dörd gün çəkəcəyini deyib. 

Gmail Dumanın poçtunu bloklayıb

Gmail Rusiya Dövlət Dumasının poçtunu bloklayıb. Xəbər verilir ki, duma.gov domeni gmail-də yerləşdirilmişdi.

Dumanın xidməti elektron poçtunun bloklanması və məlumatların itməsi təhlükəsi ilə bağlı deputat Sergey Markov özünün Facebook səhifəsindən xəbərdarlıq edib:

“Ehtiyatlı olun və şəxsi məlumatlarınızı başqa resurslarda saxlayın”.

Buna müxalifətçi Lyubov Sobol belə reaksiya verib:

“Dövlət Dumasının iş poçtu gmail.com-da idi. Televizordan Qərbi söyürlər, Komo gölündə villalar alırlar, əyinlərində Loro Piana firmasının gödəkcəsi ola-ola idxalın əvəzlənməsindən dəm vururlar. Bunların hər işi belədir”.

Sorğu: Rusiyalıların 60 faizi müharibənin dayandırılmasını istəyir

Rəyi soruşulan rusiyalıların 60 faizi Ukrayna ilə müharibənin dayandırılmasını istərdi.

Müxalifət siyasətçisi Aleksey Minyaylonun “Xroniki” təhqiqat qrupunun keçirdiyi rəy sorğusu belə nəticə verib.

2022-ci ilin mart ayının son beş günü ərzində keçirilmiş rəy sorğusundan məqsəd rusiyalıların Ukraynada davam edən müharibə ilə bağlı psixoloji və maliyyə durumunun müəyyənləşdirilməsi idi.

Sorğunun bəzi nəticələri belədir:

Respondentlərin 32 faizi “xüsusi əməliyyatın” heç bir qeyd-şərt qoyulmadan dayandırılmasına tərəfdardır.

29 faiz respondent müharibənin Ukraynaya bəzi şərtlərin (Krımı Rusiya ərazisi kimi qəbul etmək, qondarma DXR/LXR-i müstəqil dövlət kimi tanımaq, NATO üzvlüyündən imtina etmək və sair) qoyulması ilə ​dayandırılmasını istəyib.

Rəyi soruşulanların 24 faizi Ukraynanın kapitulyasını istəyir.

Respondentlərin 32 faizi son bir ay ərzində bu müharibə ilə bağlı həyəcan və depressiya keçirdiyini bildirib.

Azadlıq radiosu