Bakının mərkəzində partlayış olub, ölən və yaralananlar var – yenilənib

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 3-də Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-…) maddələri ilə cinayət işi başlanılıb.

Açıqlamaya görə, hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub: “Hazırda araşdırma aparılır”.

Bu açıqlamaya, hələlik, gecə klubunun rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Yarlıların durumu

Bu partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib.

Bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumatda qeyd edildiyinə görə, hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

Açıqlamaya görə, reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir.

İki nəfər xarici vətəndaşdır

“Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. İtaliya vətəndaşı üz-çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir. Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir”.

***

Xəsarət alanlardan 7-i reanimasiyadadır


Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu gün, aprelin 3-də Bakıda baş verən partlayışla bağlı birgə məlumat yayıblar.

Bu məlumatda da qeyd edilir ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib:

“Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.”

Açıqlamaya görə, xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıblar:

2 nəfər xarici vətəndaşdır

“Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir. Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir”

***

Aprelin 3-də Bakının mərkəzində, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda partlayış baş verib. Hadisə şahidləri AzadlıqRadiosuna ölən və yaralananların olduğunu deyiblər.

“Yaxınlıqda yaşayıram, partlayış səsindən bura gəldim. Hər yer dağınıq idi, xeyli maşına zərər dəymişdi. İçəri keçib yaralılara kömək etmək istədim, amma polislər qoymadı, xeyli insan xəsarət alıb, ölənlər də vardı”, – deyə hadisə baş verən əraziyə yaxın yerdə yaşayan paytaxt sakini bildirib.

Fövqəladə Hallar Nazirliyi gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyini, obyekt daxilində uçqun olduğunu qeyd edir.

“Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb”, –”Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev mediaya açıqlamasında bildirib.

Baş Prokurorluğun məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azadlıq radiosu