Diktatorlar islah olunmur!

Qənimət Zahid

Rusiyanın Avropa Şurasından çıxarılması məsələsi müzakirə ediləndə rusların rəsmi reaksiyalarından biri və ən tutarlısı yadınızdadır: “o halda biz də ölüm hökmünü bərpa edəcəyik” demişdilər.
Yadınızdadır əlbəttə! Düşündünüzmü və indi də düşünürsüzmü ki, bütün bu aşağılıq diktatorlar məhz, bu cür düşünürlər.


Qəti ağlınıza gətirməyin ki, Avropa Birliyinin təklifi- təkidi ilə İlham Əliyev AB ilə strateji əməkdaşlıq sazişi imzalaya bilər! Hətta Rusiyanın labüd və tam məğlubiyyətindən sonra!
Sona qədər dirənəcək, müzakirələrin gedişində daha çox adamı tutub- girov götürüb alver etmək istəyəcək.
Əgər cəmiyyət böyük siyasi dəyişikliklərə israr etməsə İlham Əliyev Azərbaycan xalqını girov kimi hələ çox istifadə edəcək!..
Heç bir qlobal siyasi gəlişmə diktatorların təsəvvüründə adekvat əks olunmur. Bütün qlobal və yerli kataklizmlərə, zərurətlərə, çağırışlara diktatorlar hansısa üsulları tətbiq etməklə potensial gəlir qaynağı kimi baxırlar və nələrdənsə imtina, maddi və siyasi qazancların nəzərdə tutulmayan xərc maddəsi kimi baxa bilmirlər.
Azərbaycan xalqı Əliyevin müstəbid idarəçiliyini və tarixən bənzəri olmayan yırtıcı tamahını ixtisar etmək üçün birləşməsə, əzm və iradə göstərə bilməsə bu əsrin sonuna qədər zəlil olaraq qalacaqdır.
Bu sizə çox qaramat proqnoz kimi görünə bilər, amma siz nikbin olmaqla bu qaramat proqnozları dəyişə bilərsiz. Yalnız nikbin insanların toplumu öz məsud varlığına heç bir halda dəxli olmayan yükü öz çiyinlərindən atmaq qərarı verə bilir, bu barədə düşünür və yalnız həmin hallarda diktator iliklərinə hopmuş murdar xislətindən, eləcə də toplumun ləyaqətini əzməklə dikəltdiyi saxta qürurundan imtina etməyə məcbur olur.
Heç bir qlobal siyasi gerçəklik diktatorları islah etmir, onların manevr imkanları öz taleyinə biganə olan istənilən toplumun fəhmindən daha çevikdir!