Rusiya qüvvələri Kiyevə hücumu gücləndirir

Rusiya Kiyevdən 80 km şimalda yerləşən İvankov şəhərini tutub, Belarusla həmsərhəd regiona nəzarət edir

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov martın 15-də deyib ki, Moskva Ukraynadan NATO planlarından əl çəkməyi, neytral status qəbul etməyi, “demilitarizasiya”nı tələb edəcək.

Lavrovun martın 16-da dediyinə görə, Ukrayna ilə sülh danışıqları asan getmir, amma kompromisə də ümid var.

“Danışıqlardakı təmsilçilərimizin dediklərinə əsaslanıram. Onlar deyirlər ki, danışıqlar aydın səbəblərdən asan getmir. Amma buna baxmayaraq, kompromis əldə etməyə ümid var”, – Lavrov RBC xəbər orqanına deyib.

***

Ötən gecə Rusiya Ukrayna paytaxtı Kiyevi atəşə tutub, Mariupol liman şəhərinə yeni hücumlar gerçəkləşdirib. Tərəflər arasında sülh danışıqlarının bərpası gözlənir.

Rusiya qüvvələri Kiyevə əsasən şimal-qərb və qərbdən hücum edirlər, Kiyev regionunun başçısı Oleksey Kuleba martın 16-da deyib. Onlar paytaxtın nəqliyyat arteriyalarını kəsməyə, logistik gücünü dağıtmağa çalışırlar, Kuleba söyləyib.

Onun sözlərinə görə, Rusiya Kiyevdən 80 km şimalda yerləşən İvankov şəhərini tutub, Belarusla həmsərhəd regiona nəzarət edir.

Azadlıq radiosu