Ukrayna hakimiyyəti keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvilinin getdiyi qatarı Polşanın sərhəd məntəqəsindən buraxmadığına görə, o marşurutunu yenidən dəyişmək və sərhədi tərəfdarları ilə birlikdə avtobusla keçmək qərarına gəlib.
Azadlıq Radiosunun məlumatına görə Saakashvili və onun tərəfdarlarını aparan avtobus Polşanın Şeqin sərhəd məntəqəsinə çatıb.
Məlumata görə o, yenə sərhədi əvvəlki kimi Lvov vilayətindəki “Krakovets” məntəqəsindən keçməyə çalışır.
“Biz qatarı buraxıb, bütün qanuni vasitələrdən istifadə edərək Ukrayna ərazisinə keçəcəyik”, Saakashvili Polşanın Peremışle vağzalında deyib.
***
Azadlıq Radiosunun aldığı son məlumata görə, Mikheil Saakashvilinin Polşadan Ukrayna ərazisinə keçmək istədiyi qatar Ukrayna hakimiyyətinin tələbilə Polşa ərazisində saxlanıb.
Qatar Kiyev vaxtl ilə saat 14:07-də yola düşməli idi.
Amma Saakashvilinin sözlərinə görə, Ukrayna dövlət dəmiryol idarəsinin rəhbərliyi bildirib ki, o vaqonu tərk etməyincə Qatar hərəkət etməyəcək.
Məlumata görə həmçinin səsgücləndirici ilə bəyan edilib ki, qatardaUkrayna ərazisinə girməsi qadağan edilmiş şəxs olduğundan, qatar hərəkət etməyəcək.
Mikheil Saakashvili bundan əvvəl Polşanın Peremışl şəhərində bəyan etmişdi ki, sərhədi “Krakovets” məntəqəsindən keçməyəcək və Ukrayna ərazisinə jurnalistlər və deputatlarla birlikdə “Peremşl-Kiyev” sürət qatarı ilə daxil olacaq.
O marşurutun dəyişdirilməsini “Krakovets” ətrafında təxribat törədə biləcək silahlı adamların olması ilə izah edib.
***
Ukrayna vətəndaşlığından məhrum edilmiş keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili sentyabrın 10-u, bu gün Polşadan Ukraynaya keçmək istəyir.
Bu təxminən Kiyev vaxtı ilə saat 13 radələrinə nəzərdə tutulub.
Saakashvilinin tərəfdarları və əlehdarları Lvov vilayətindəki “Krakovets” sərhəd məntəqəsində onu qarşılamağa hazırlaşırlar.
Ukraynanın kütləvi informasiya vasitələri hadisə yerindədirlər.
Artıq sərhəd məntəqəsinə Saakashvilinin yüzlərlə tərəfdarı və təxminən bir o qədər də əlehdarı toplaşıb.
Onları bir-birindən kaskalı və zirehli ködəkçəli polis səddi ayırır.
Saakashvili jurnalistlər və Ali Rada deputatlarının müşayiəti ilə Ukrayna ərazisinə keçməlidir.
Onu əsasən “Batkivşina” və “Özünəkömək” partiyalarının deputatları müşaiyət etməlidir.
Həmçinin “Batkivşina” partiyasının lideri Yuliya Timoshenko ona dəstək nümayiş etdirmək üçün Polşaya gedib.