Ermənistanla İran azad iqtisadi zona yaratdılar

Ermənistanla İran “Meghri” azad iqtisadi zonası yaradıblar.

Ermənistan ərazisində yaradılmış bu zonanın açılış mərasiminə qatılan baş nazir Karen Karapetyan deyib ki, bu, biznesin inkişafına güclü təkan verəcək.

Onun sözlərinə görə, bu zona İran işadamlarına imkan verəcək ki, burada biznes qursunlar və istehsal etdikləri malları rahat şəkildə Avropaya və Asiya ölkələrinə ixrac etsinlər.

Baş nazir deyib ki, burada mal istehsal edib İrana daşımaq üçün də gözəl imkanlar mövcuddur.

Karapetyan bildirib ki, azad iqtisadi zonanın yaradılması işin yarısıdır, işin qalanı bu zonanın nə dərəcədə səmərəli istifadə edilməsindən asılı olacaq.

Baş nazirin fikrincə, azad iqtisadi zona sərhədyanı bölgələrin qarşılıqlı ticarətini genişləndirməyə, turizmi inkişaf etdirməyə imkan verəcək.

Ermənistan - Baş nazir Karen Karapetyan "Meghri"nin açılışında. 15 dekabr

Ermənistan – Baş nazir Karen Karapetyan “Meghri”nin açılışında. 15 dekabr

Bu ilin 9 ayı ərzində İranla Ermənistanın ticarət dövriyyəsi 211 milyon dollar təşkil edib.

Bu keçən ilin uyğun dövründəkindən 6 faiz çoxdur.

Bu iqtisadi zonada iş quranlar gəlir vergisi, ƏDV, aksiz vergiləri və gömrük rüsumlarından azad ediləcəklər. Yalnız mənfəət vergisi verəcəklər.

İqtisadi inkişaf və Sərmayələr naziri Suren Karayan deyib ki, qarşıdakı bir neçə ildə “Meghri”də çalışan operatorların sayının 50-70-ə çatacağına ümid edir.

Onların buraya 150 milyon dollaracan sərmayə qoyacaqları gözlənir.

"Meghri" azad iqtisadi zonası, 15 dekabr

“Meghri” azad iqtisadi zonası, 15 dekabr