Ərzaq idxalına 300 milyon dollar artıq vəsait xərclənib

Təəssüflər olsun ki, 2017-ci il kənd təsərrüfatında ən uğursuz il oldu. Dövlət Gömrük Komitəsinin rəsmi internet saytından əldə etdiyimiz məlumatlara görə, bu ilin 11 ayı ərzində ət idxalı 63%, ət məhsulları idxalı 34,3 %, kəsim üçün ölkəyə gətirilən heyvanların idxalı 72%, süd idxalı 79%, süd məhsulları idxalı 30%, ümumilikdə heyvandarlıq məhsullarının idxalı 46 faiz artmışdır. Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə bitki yağları, şəkər, çay idxalı kəskin şəkildə artıb. Ümumilikdə isə 11 ay ərzində yeyinti məhsulları idxalı 1 milyard 255 milyon 900 min dollar təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 60 milyon dollar çoxdur. Onu da qeyd etməliyəm ki, 5-6 il əvvəl 11 ay ərzində ölkəyə 950 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunurdu. Bu göstərici indikindən 300 milyon dollar az idi.