ABŞ prezidenti öz ölkəsinin çoxillik siyasətinə və dünyaya qarşı
Dünya ictimaiyyətinin etirazlarına baxmayaraq, ABŞ prezidenti Donald Tramp həm də müsəlmanlar üçün xüsusi əhəmiyyəti olan Qüds şəhərini (Yerusəlim) İsrailin paytaxtı kimi tanımaq qərarını bəyan etdi.
Ekspertlər bu qərarın Yaxın və Orta Şərqdə fəlakətli nəticələr verə biləcəyindən qorxduqlarını açıq şəkildə bildirirlər.
Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp deyib:
“Mən artıq belə qənaətə gəlmişəm ki, Yerusəlimi birtərəfli qaydada İsrailin paytaxtı kimi tanımağın vaxtı çatıb. Bu gün biz onsuz da aşkar olan bir şeyi təsdiq edirik: Yerusəlim İsrailin paytaxtıdır. İsrail də bütün suveren ölkələr kimi öz paytaxtının harada olmasını müəyyən etmək haqqına malikdir”.
ABŞ səfirliyi Qüdsə köçürülür
Dekabrın 6-da etdiyi çıxışda Tram onu da deyib ki, Dövlət Departamentinə ABŞ səfirliyinin Tel Əvivdən mübahisəli Yerusəlim şəhərinə köçürülməsi hazırlığına başlamaq göstərişi verib. Ekspertlər bu prosesə 4 ilədək vaxt lazım gələcəyini deyirlər.
Beləliklə Tramp ABŞ-ın onilliklərdən bəri davam edən siyasi xəttini dəyişib. Bu siyasətə görə şəhərin statusu Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı hesab edən fələstinlilərlə danışıqlarda, “iki dövlət” formulu üzrə müəyyən olunmalı idi.
Tramp deyib ki, “o hələ də həm israillilər, həm də fələstinlilər üçün məqbul sayılacaq sülh sazişinin əldə edilməsi üçün qüvvəsində olan hər bir şeyi etmək niyyətindədir”.
Netanyahu məmnundur
Əksər ölkələr İsrailin bütün Yerusəlim üzərində suverenliyini tanımır. Bu şəhərdə müsəlmanlar, yəhudilər və xristianlar tərəfindən sitayiş edilən çox sayda müqəddəs məkanlar var.
İsrailin baş naziri Benjamin Netanyahu Trampın qərarını “tarixi” adlandırıb və başqa ölkələri də ABŞ-dan nümunə götürərək səfirliklərini Yerusəlimə köçürməyə çağırıb.
Fələstindən sərt reaksiya
Fələstinin dövlət başçısı Mahmud Abbas isə Ramallahdakı iqamətgahında keçirdiyi mətbuat konfransında Trampın bu qərarını rədd etdiklərini və qınadıqlarını bildirib.
“Bu addım bütün sülh təşəbbüslərini batlalayır və sülh danışıqlarında ABŞ-ın rolunu bitirir. Bu qərar həmçinin ABŞ-ın indiyə qədər üzərinə götürdüyü sülh prosesinin himayəçisi rolundan imtina etdiyinin elanıdır. Bu qərar İsraili anlaşmaları tanımamağa, beynəlxalq hüquqa meydan oxumağa, Fələstini yəhudilərlə məskunlaşdırmağa, işğal, iqrçi, aparteid və etnik təmizləmə siyasəti yürütməyə təşviq edən bir addımdır”, deyə M.Abbas bildirib.
azadliq.info