Maltada öldürülәn jurnalistin işindә Azәrbaycan izi araşdırılacaq

Avropa Parlamenti Malta hökumətindən Panama sənədləri və Pilatus Bankla bağlı araşdırma tələb edir; Pilatus Bankın 60%-i Əliyevlərə məxsusdur

Avropa Parlamenti Maltada jurnalist Dafne Qaliziyanın qətli cinayətinin açılması üçün Panama sənədləri və Pilatus Bankın necə lisenziya almasını araşdırmağı vacib sayır. Bununla bağlı AP Maltanın polis şefi Laurens Kutajara müraciət edib. 

Bəlli olub ki, araşdırmaçı jurnalist Dafne Qaliziyanın öldürülməsi ərəfəsində Malta polisi ölkədə çirkli pulların yuyulması və korrupsiyanın təşkili ilə bağlı bir sıra mühüm faktları araşdırmayıb. Buna görə də AP belə qərara gəlib ki, Panama sənədləri üzrə çirkli pulların yuyulmasında ifşa edilmiş siyasətçilərin işi araşdırılmalıdır.

AP Avropa Komissiyasını dərhal Malta hökuməti ilə danışıqlara başlamağa, bu ölkədə hüququnun aliliyinin və Avropa dəyərlərinin üstünlüyünün təmin edilməsinə çağırıb. AP-nin qərarında bildirilir ki, Malta hökuməti fərdi investisiya proqramları üzrə pasport alan şəxsləri dəqiq müəyyən etməlidir.

Avropa Parlamenti son illər ərzində Malta baş verən hadisələrdən, o cümlədən söz azadlığı və poilis- məhkəmə orqanlarının müstəqilliyi ilə bağlı problemlərlə bağlı dərin narahatlıq keçirir.

Avropa Parlamenti Maltada fəaliyyət göstərən Pilatus Bankın necə və hansı şəraitdə lisenziya aldığı ilə bağlı da araşdırma aparmağa çağırır. Maltada kütləvi informasiya vasitələri bu bankı çirkli pulların yuyulması, korrupsiyasının təşkili və korrupsiya ilə bağlı sənədlərin məhv edilməsi kimi əməliyyatlarda ittiham edir. Pilatus Bank isə ətrafındakı qalmaqallarla bağlı məlumat qaynağı olan şəxsin ölkədən qaçıb getməyə məcbur olduğunu “təəssüflə” qeyd edir.

Avropa Parlamenti «Avropalı Dafne Karuana Galiziya» adlı illik mükafatın təsis edilməsini tövsiyyə etməklə yanaşçı Maltada söz azadlığının, jurnalistlərin, eləcə də informasiya qaynaqlarının  şəxsi təhlükəsizliyinin qorunmasını tələb edir.

Xatırladaq ki, qətlə yetirilən maltalı jurnalist Dafne Qaliziya Panama sənədləri və Pilatus Bankın fəaliyyəti üzrə araşdırmalarında öz hökuməti ilə Azərbaycan hakimiyyəti arasında korrupsiya əlaqlərini üzə çıxarmışdı. Jurnalist aşkarlamışdı ki, Pilatus Bankın depozitlərinin 60% Azərbaycanın prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva və oğlu Heydər Əliyevə, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.

Eyni zamanda aşkar edilmişdi ki, Maltanın iki iri çinli məmuru – Kit Şembri (prezident Muskatın aparat rəhbəri) və sabiq Avropa komissarı Con Dalli də Pilatus Bankda öz adları ilə açılan bank hesablarına malik olublar.

Qaliziyanın üzə çıxardığı faktlardan biri də bu olmuşdu ki, Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın Dubayda yerləşən şirkətindən Malta prezidenti Muskatın həyat yoldaşına məxsus ofşor şirkətə 1.7 milyon dollar pul köçürülüb və bu köçürmə məhz Pilatus Bank vasitəsilə olub.

Dafne Qaliziya oktyabrın 16-da öz avtomobilində partladılaraq qətlə yetirilib.

Azadliq.info